Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Nikol Paşinyan Avropa İttifaqının Ermənistan ərazisindəki mülki missiyasının Azərbaycanla delimitasiya olunmamış ərazidə monitorinq aparmasına ehtiyac olmadığını bildirib. Ümumiyyətlə, iki ölkə arasında hansısa missiyaya, monitorinq qrupuna ehtiyac varmı?
- Əslində Avropa İttifaqının Ermənistan ərazisindəki missiyası qanunsuzdur. Çünki bu "missiya" təsdiq edilməmiş sərhəddə göndərilib. Bu da Ermənistanın təbliğ etdiyi sərhəddə olan iddialarının güclənməsinə hesablanıb. Azərbaycan faktiki olaraq bir sərhəd xəttindən başqa digər bölgələrə aid razılıq verməyib. Amma buna baxmayaraq Avropa dövlətləri Ermənistanın mövqeyini gücləndirmək niyyəti ilə bu cür fəaliyyətlər sərgiləməyə çalışır. Ona görə də, Azərbaycan Aİ-nin Ermənistan ərazisindəki missiyasını tanımır və tanımayacaq. Ermənistan isə bu "missiyanı" təbliğ edir. Müxtəlif şəkildə maraqlı oyunçular İrəvan tərəfindən bu prosesə cəlb olunur. Fransa da bu məsələdə aktivdir.
- "Missiyanı" dəqiqləşməmiş sərhəddə saxlamaqda məqsəd nədir? Bununla hansı mesajı verməyə çalışırlar?
- Danışıqlar bitməyincə Ermənistanın iddia etdiyi ərazilər Azərbaycan tərəfindən tanınmayacaq. Sərhəd müəyyən edildikdən sonra Ermənistan istənilən missiyanı öz sərhəddində yerləşdirib, fəaliyyətini təmin edə bilər. Bu onların daxili işidir. Amma indiki mərhələdə müəyyən edilməmiş sərhədddə belə bir "missiyanın" fəaliyyəti bir növ siyasi təzyiq hesab edilir.
- Sülh müqaviləsi imzalanarsa, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq iddialardan geri çəkilməsi gündəmə gətirilib. Qarşılıqlı iddialar dedikdə nəyi nəzərdə tuturlar?
- Bu, daha geniş bir anlayışdır. Ermənistan konstitusiyasının əsas problemi Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Rəsmi Bakı bu iddialardan imtina edilməsini tələb edir. Ona görə də, erməni tərəfi ardıcıl olaraq bəyanatlar verməklə mümkün qədər prosesdən yayınmağa çalışır.
- Ermənistan baş naziri əvvəllər COP29-a qədər sülh sazişinin imzalanacağından danışırdı. İndi isə bu ilin sonuna kimi razılaşmanın əldə olunmasının mümkünlüyünü bildirir...
- Elə onun özünə sual vermək lazımdır ki, ilin sonuna kimi Ermənistan konstitusiyanı dəyişdirə biləcəkmi? Onun belə açıqlamaları sadəcə olaraq siyasi spekulyasiyadır. Hətta Paşinyana demək lazımdır ki, sabaha kimi konstitusiyanı dəyişdir! Niyə ilin axırını gözləyirsən? Ya da həftənin sonuna kimi... Bu onların daxili işidir. Gedib dəyişiklik etsinlər, sonra gəlsinlər. Bundan sonra Azərbaycan tərəfi bu və ya digər mövzulara baxa bilər. Rəsmi Bakı öz mövqeyini açıq şəkildə bəyan edib. Mən də Azərbaycan tərəfinin yerinə olsam deyərdim ki, sabaha kimi sülh sazişini imzlamağa hazıram. Görək Ermənistan sabaha kimi konstitusiyasını dəyişdirə biləcəkmi? Getsinlər müstəqillik haqqında bəyanatı da dəyişdirsinlər. Sabaha kimi vaxt veririk!
- Dəyişiklik olmadan sülh sazişinin imzalanması hansı halda mümkün ola bilər?
- Əslində bu mövzunu təbliğ edənlər vəziyyətin dərinliyini başa düşmürlər. Ermənistanın indiki siyasi elitası dövlətlərini Ermənistan SSRİ-nin əsasında qurub. Belə bir oyuncaq dövləti quraraq Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış ediblər. Buna uyğun olaraq da siyasət yürüdüblər. Nəticədə Azərbaycan əraziləri işğal edilib və Türkiyəyə qarşı siyasi təbliğat aparıblar. Əgər indi erməni tərəfi sülh istəyirsə, buna birmənalı olaraq son qoyulmalıdır.