Ötən gün 12 nazir vəzifələrinə təyin olunub və Gürcüstanın yeni hökumətinin formalaşdırılması başa çatdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, prezident seçkiləri təyin olunduğu gün — dekabrın 14-də keçiriləcək və bundan sonra gürcü xalqının əksəriyyətinin iradəsinə uyğun konstitusiya orqanları komplektləşdiriləcək.
Qeyd edək ki, qonşu ölkədə prezident seçkiləri noyabrın 26-da dekabrın 14-nə təyin olunub. Hazırkı dövlət başçısı Salome Zurabişvili ötən gün bildirib ki, parlament qeyri-legitim olduğundan yeni prezident seçilə bilməz.
O, qanuni parlament olmayana qədər prezident qalacağını və siyasi proseslərə rəhbərlik edəcəyini qeyd edib. S.Zurabişvilinin səlahiyyət müddəti dekabrın 16-da başa çatır.