Suriya Prezidenti Bəşər Əsəd bundan öncəki müharibədən İran və Rusiyanın yardımı sayəsində salamat çıxmışdı, amma indi artıq o tək qalıb.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı analitik Coşua Landis deyib.
Onun sözlərinə görə, Əsədin ən böyük dəstəkçisi olan Rusiyanın başı Ukraynada öz müharibəsinə qarışıb. Ekspert bildirib ki, yerdəki durumdan istifadə edən “Heyət Təhrir əl-Şam”ın rəhbərliyi altında fəaliyyət göstərən anti-rejim qrupları son 4 ildə ilk dəfə ön xətdə böyük irəliləyişə nail olub və durum köklü şəkildə dəyişib.
AFP-nin məlumatına görə, Əsəd ölkənin ikinci böyük şəhəri Hələbi itirdikdən sonra kənardan dəstək istəyib.
Suriya lideri bu günlərdə “müttəfiqlər və dostlar”ın əhəmiyyətini vurğulasa da, amerikalı ekspert Aron Şteyn vəziyyətin onun üçün ürəkaçan olmadığını deyib:
“Rusiyanın bölgədəki varlığı nəzərəçarpacaq dərəcədə azalıb, bu səbəbdən operativ hava hücumları məhduddur. Hələbsiz bir hökumət funksional ola bilməyəcək”.
Britaniya Xarici İşlər Nazirliyi də Suriyadakı mövcud vəziyyətin Əsəd rejiminin siyasi proseslərdə iştirakdan daim imtina etməsi səbəbindən yarandığını bəyan edib.
“Əsəd rejiminin siyasi proseslərə qatılmaqdan israrla imtina etməsi, Rusiya və İrana arxalanması son hadisələr üçün zəmin yaratdı”, - bəyanatda belə deyilir.