YPG/SDQ terror təşkilatının liderlərindən Mazlum Kobani (Fərhad Abdi Şahin) Suriyadakı son hadisələrlə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Hələbə hücumlardan sonra rejim qüvvələrinin onlar üçün dəhliz açmağa çalışdığını etiraf edən Kobani Hələb və Təl Rıfatla əlaqələrinin müxalif Suriya Milli Ordusu (SMO) tərəfindən kəsildiyini bildirib.
“Qüvvələrimiz Hələb, Təl Rıfat və Şəhba əhalisini müdafiə edib. Silahlı qrupların hücumları bizim şərq bölgələrimizlə bu ərazilər arasında yaratmaq istədiyimiz dəhlizi kəsib”, - deyə terrorçuların lideri söyləyib.
Müxaliflərin Hələbdə əməliyyata başlamasından sonra Bəşər Əsəd rejiminin qüvvələri YPG/SDQ ilə əməkdaşlıq edərək, bəzi bölgələri bu təşkilata təhvil verib.
Fərat çayının şərqindən Hələbə əlavə qüvvələr gətirən terror təşkilatı bu ərazilərdəki mövqelərini möhkəmləndirməyə başlayıb. Bununla belə, Təl Rıfat və Mənbiç arasında dəhliz yaradılması cəhdləri fonunda SMO YPG-yə qarşı əməliyyata başlayıb.
Əməliyyatla yaradılması nəzərdə tutulan dəhliz bağlanaraq, Təl Rıfat mühasirəyə alınıb və vilayət mərkəzi ələ keçirilib.