Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycan və Ermənistan arasında yenidən sülh danışıqları bərpa edilib. Müsbət açıqlamalar verilir. Nikol Paşinyan da ilin sonuna kimi prosesi yekunlaşdırmağın mümkünlüyündən danışıb. Gözləntilər nədən ibarətdir?
- Əslində indi hər şey Ermənistanın davranışlarından asılıdır. Bu ölkə sülhə xidmət edən zəruri addımlar atmalıdır və üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Amma Ermənistana diasporanın təzyiqləri var. Erməni diasporası prosesi normal məcrada getməyə imkan vermir. Nikol Paşinyanın artıq rutin halına çevrilmiş bəyanatları da bir-birini təkzib edir. Bütün bunlara baxmayaraq sülhü əldə etmək zəruridir. Rəsmi İrəvan öhdəliklərə əməl etsə nəticə mümkündür.
- Bir aya Ermənistanın öhdəlikləri və şərtləri icra etməsi nə dərəcədə məntiqlidir?
- Rəsmi İrəvanın bundan sonrakı davranışlarını gözləmək lazımdır. Bu ölkənin nə edəcəyi məlum deyil. Ona görə də proseslərin axarı diqqətdə saxlanılmalıdır.
- Avropa İttifaqının Ermənistandakı "mülki missiya"sının gələn ilin fevralından etibarın növbəti dəfə burada qalma vaxtının uzadılacağı iddia edilir. "Missiya"nın bölgədə qalma vaxtının uzadılmasında məqsəd nədir?
- Aİ hazırda öz məqsədləri üçün addımlar atır. Bu "missiya"nın Ermənistanda olmasından qazananlar var. Bəzi ölkələr buna görə, Avropa Birliyindən maliyyə alır. Eyni zamanda bu "missiya"nın Ermənistan hakimiyyətinə təsir edib, onu sülhdən uzaqlaşdırılması kimi hallar da müşahidə edilmir. Ermənistanın sülh üçün şansı var. Onun qarşısına konkret proqram qoyulub. Rəsmi İrəvan şərtləri yerinə yetirməlidir. Bu halda sülh sazişini imzalamaq olar.
- Davamlı olaraq Ermənistanın silahlanmasında məqsəd nədir? Əgər sülhdən danışılırsa ardıcıl olaraq hücum silahları əldə etmək nəyə hesablanıb?
- Burada hər bir ölkə öz məqsədlərini reallaşdırmağa çalışır. Ermənistanı silahlandıran ölkələr Yunanıstan və Hindistan silahları satmaqla qazanc əldə edir. İstisna edilmir ki, Hindistan Ermənistanın hərbi rəhbərliyi ilə korrupsiya proqramlarında yer alır. Öz növbəsində Fransa Ermənistana silahlar göndərir. Əslində bu silahlanma fonunda Ermənistanın nəyəsə qadir olduğunu söyləmək olmaz. Ermənistan hər hansı bir formada təxribata əl atıb, hərbi əməliyyatlara başlasa, o dövlət kimi xəritədən silinə bilər.
- Baş verəcək hansısa təxribat fonunda Ermənistanın əlini gücləndirmək üçün müəyyən nəticələrin əldə ediləcəyi ehtimalından da danışılır...
- Bu mümkün deyil. Erməni tərəfi də bunu yaxşı bilir. Söhbət hansısa silahların Ermənistandan verilməsindən getmir. Artıq erməni əhalisi Ermənistandakı "Qarabağ klanı" üçün özünü qurban vermək istəmir. Silahı əlində tutacaq erməni vətəndaşı "Qarabağ mafiyası"na görə vuruşmağa hazır deyil. Hətta bir müddət öncə baş tutan kütləvi aksiyalarda belə erməni əhalisi "Qarabağ klanı"nını boykot etdi.