Lənkəranda baş verən yol -nəqliyyat hadisəsində xəsarət alanların sayı 24-ə çatıb.
TƏBİB-dən Teleqraf.com-a bildirilib ki, Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 24 nəfər (13-ü qadın, 10-u kişi cinsli, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri ilkin tibbi xidmət göstərilib.
Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində, digər 4 yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. 13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.
***
15:55
Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-un bölgə müxbirinə bildirilib ki, yanvarın 28-də saat 13 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Hümmət Rüstəmova məxsus "VAZ" markalı avtomobil və Xaqani Ramazanzadənin idarə etdiyi "Isuzu" markalı avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yerində polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik və digər tədbirlər görülüb.
Qəza ilə bağlı avtotexniki ekspertizalar təyin edilib, araşdırma aparılır.
Lənkəranda qəzada xəsarət alanların sayı artıb. Xəstəxanadan verilən məlumata əsasən 13 nəfəri qadın, 9 nəfəri kişi, 1 nəfəri isə azyaşlı olmaqla yaralıların sayı 23 nəfərə çatıb.
Eyni zamanda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşov günorta saatlarında baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlara Lənkəran Mərkəzi Rayon Xəstəxanasında baş çəkərək onların vəziyyəti ilə maraqlanıb.
***
14:46
Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət olan 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib.
Bu barədə TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunur ki, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 28.01.25-ci il tarixində saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər",- TƏBİB-dən bildirilib.
***
14:45
Lənkəranda sərnişin avtobusu minik avtomobilinin üzərinə aşıb.
Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, qəza Lənkəran-Masallı-Boradigah avtomobil yolunun Lənkəran rayonu ərazisində baş verib.
İlkin məlumata görə, 20 nəfər xəsarət alıb.
Yaralıların sayının artacağı istisna edilmir.
Qəzaya uğrayan avtobus Lənkəran-Separadi kəndi arasında işləyən marşrut xətti üzrə hərəkət edirmiş.