Şuşa şəhərində Türkiyənin konsulluq xidməti açılmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ay Azərbaycana planlaşdırılan səfəri həssas dövrə təsadüf edəcək. Rusiya və İranın Azərbaycana qarşı təxribatlarını artırdıqları dövrdə ölkəmizin Türkiyə ilə strateji müttəfiqliyi daha üst səviyyəyə qaldırması vacibdir.
Türkiyə lideri Azərbaycana səfəri zamanı Xocalıya gedəcək. Bu, Ərdoğanın iştirakı ilə Şuşada Türkiyənin konsulluq xidmətinin açılması üçün yaxşı fürsətdir. Konsulluq üçün böyük bina tələb olunmur. Şuşada olanda orada müharibə zamanı zərər görməyən ikimərtəbəli evlər görmüşəm. Onlardan birinin konsulluq üçün münasib yer olacağı qənaətindəyəm. Yox, əgər hazır məkan tapmaq mümkün deyilsə, konsulluq binasının təməlatma mərasiminin keçirilməsi də mümkündür”, - ekspert bildirib.
Elxan Şahinoğlu başqa bir maraqlı məqama da diqqət çəkib:
“Moskvadakı səfirimiz Rəhman Mustafayevi yanvarın 27-də Rusiya Xarici İşlər Nazirliyinə dəvət edən və Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların “əsassız” olduğunu bildirən nazir müavini Mixail Qaluzin ötən ilin iyununda açıqlama vermişdi ki, Moskva və Bakı Rusiyanın Azərbaycanda baş konsulluqlarının yaradılmasını müzakirə edir. Qaluzin Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılmasını nəzərdə tuturdu. Təyyarə olayından sonra Xankəndidə Rusiyanın konsulluq xidmətinin açılması mümkün deyil.
Bakıdakı “Rus Evi”ni kəşfiyyat mərkəzinə çevirən Moskva Xankəndidəki “konsulluq xidməti”ni daha betərinə çevirər. Azərbaycan ərazisində Rusiyaya aid bu kimi mərkəzlərin sayı nə qədər az olarsa, bizim üçün milli və təhlükəsizlik baxımından bir o qədər faydalı olar. Bunun qarşılığında Türkiyə ilə ittifaq gücləndirilməli və Şuşada qardaş dövlətin konsulluq xidmətinin fəaliyyəti təmin edilməlidir. Bu, Azərbaycanın həm də Rusiya və İrandakı mərkəzlərə tutarlı cavabı olar”.