Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsində Gürcüstanla bağlı məsələlərin gündəliyə çıxarılması təsadüfi deyil. Görünür, AŞPA özünü məhv etməkdə qərarlıdır. AŞPA-nın Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməməklə bağlı çağırışları bunu təsdiq edir.
Bunu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
“AŞPA-nın İsveçdən olan deputatı Boriana Oberq Avropa Xalq Partiyası siyasi qrupu adından Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı çıxış edib. Boriana Oberq Ermənistan üzrə məruzəçi, İrəvanın əsas havadarlarındandır. Ona görə də bu məsələdə heç bir təsadüf yoxdur”, - deyə o qeyd edib.
Komitə sədri bildirib ki, Qərbdəki dairələrin Cənubi Qafqazda dedikləri olmadığına görə, vəziyyəti gərginləşdirirlər: “Azərbaycan və Gürcüstanla bağlı olanlar bunu təsdiq edir. AŞPA kimi qurumların bölgədə istinad etdiyi ölkə Ermənistandır. Onlar həmişə İrəvanı dəstəkləyiblər. İndi də Ermənistandan istifadə edib, bölgədə vəziyyəti gərginləşdirmək istəyirlər”.
Səməd Seyidov vurğulayıb ki, AŞPA-da Gürcüstanla bağlı məsələ müzakirəyə çıxarılan zaman ona ilk reaksiya verənlərdən biri almaniyalı deputat Frank Şvabe oldu: “Bütün bunlar onun göstərir ki, AŞPA ilə konstruktiv dialoq aparmaq mümkün deyil. Onların məqsədi gərginlik yaratmaq, müdaxilə etməkdir. Misal üçün, Suriyada proseslər normallaşmağa başlayan kimi AŞPA-da bununla bağlı fövqaladə iclas qərarı verildi. İddia qaldırdılar ki, Suriyada xristianların və digər milli azlıqların, yəni ermənilərin vəziyyəti diqqətdə saxlanılmalıdır. Bütün bunlar AŞPA-nın mahiyyətini göstərir. Ona görə də Azərbaycan AŞPA ilə bağlı düzgün qərar verib. AŞPA normal davranış göstərməyənə qədər Azərbaycan bu təşkilatda fəaliyyətini davam etdirməyəcək”.
Qeyd edək ki, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış plenar iclasının açılış günündə Gürcüstanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təşəbbüs irəli sürülüb. AŞPA-nın İsveçdən olan deputatı Boriana Oberq Avropa Xalq Partiyası siyasi qrupu adından Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı çıxış edib. Məsələ ilə bağlı müzakirələr yanvarın 29-da keçiriləcək.
Xatırladaq ki, 2024-cü ilin yanvarın 24-də Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bunun AŞPA-dan Azərbaycana qarşı qeyri-obyektiv qərarların verilməsi ilə bağlı olduğu açıqlanıb.