ABŞ Suriyada terror təşkilatları ilə əlaqələrini kəsməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat (MHP) sədri Dövlət Baxçalı deyib.
“ABŞ-nin üzərinə düşən iş (Suriyada) terror təşkilatları ilə əlaqələrini kəsməkdir. Terrorçular silahlarını yerə qoymasalar, o silahları alıb terrorçuların başlarında sındırmaq Türkiyənin haqqıdır, bu, təhlükəsizlik məsələsidir. Hüquqlarımızın tapdalanmasına imkan verməyəcəyik”, - MHP lideri bildirib.
Baxçalı vurğulayıb ki, Türkiyə öz sərhədlərini qorumaq üçün terror təşkilatlarına qarşı mübarizəsini davam etdirir:
“Bu gün (erməni) ASALA terror təşkilatı yoxdur. PKK terroru demək olar ki, yox olmaq həddinə qədər azalıb. Separatçı terror təşkilatının söndüyü bir dövrdəyik.
Terrorsuz Türkiyə hədəfi reallığa çevriləcək. Dövr türk dövrüdür, terrorun onurğası qırılacaq”.