28 Yanvar 15:15
2 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizi ilə bağlı müzakirələr artdıqca İranın narahatlığı da çoxalır. Ona görə də rəsmi Tehran “Zəngəzur təhlükəsini necə zərərsizləşdirə bilər" anlayışı ilə yola çıxaraq, prosesi pozmağa çalışır. Naxçıvanla Azərbaycanı birbaşa birləşdirən dəmir yolu və avtomobil yoluna ehtiyac var. Sözsüz ki, bu həm də Azərbaycanın ərazi bütövlüyü üçün vacibdir.

Bu sözləri mövzu ilə bağlı Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

“İndi bir çoxları Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı niyyətini Ermənistanın ərazisinin bir hissəsini özünə götürməsi kimi də şərh edir. İran da bunu özü üçün “təhdid və təhlükələrə səbəb olacaq” ssenarisi kimi yozur”, - deyə o qeyd edib.

Politoloqun fikrincə, İranın guya qorxusu Zəngəzur dəhlizi açılarsa, Avropaya əsas çıxışının bağlanması ilə bağlıdır:

“Rəsmi Tehran Bakı-Ankara ittifaqının əhatələnməsindən narahatdır. Zəngəzur dəhlizi bu gün Orta Dəhliz konsepsiyasının ən vacib hissəsidir. İran da qorxur ki, Zəngəzur dəhlizi, eyni zamanda Orta Dəhlizin açılması deməkdir. Bunu isə onlar İranın Şərq-Qərb dəhlizinə rəqib hesab edirlər. Görünən odur ki, İranda proseslərə hələ də molla ağlı ilə yanaşılır. Vaxtilə mövcud olmuş Moskva-Tehran dəmir yolu xətti Zəngəzurdan, Culfadan keçib. Həmçinin Zəngəzur Moskva-İrəvan dəmir yolu xəttinin də keçdiyi nöqtə olub”.

Qabil Hüseynliyə görə, dünyada Zəngəzur dəhlizi ilə müqayisə olunacaq yüzlərlə nümunə var:

“Heç də həmin dəmir yolu xəttlərinin mövcudluğu o ərazilərin işğalı demək deyil. Sadəcə, İran tərəfi dünyadakı iqtisadi münasibətlərin xarakterini bilmədiyinə görə, proseslərə birtərəfli formada yanaşır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər