Qazaxıstanın Baş Prokurorluğu "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan baş prokurorunun müavini Qalımjan Koyqeldiyev məlumat verib.
“İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. Bildiyiniz kimi, asan məsələ deyil. Nəticələri gözləyirik”, - Koyqeldiyev bildirib.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.