29 Yanvar 16:35
12 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası işində müsbət irəliləyiş var.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, Rusiya Bakı ilə İrəvan arasında Azərbaycan-Gürcüstan-Ermənistan sərhədindən cənuba doğru sərhədin delimitasiya və demarkasiyası prosesinin başlanmasına dair razılaşmaları alqışlayır:

“Çox gözəl, müsbət irəliləyiş əldə olunub. Sərhədin bir hissəsi delimitasiya və demarkasiya olunub. Bildiyimə görə onlar (Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan) bu yaxınlarda görüşüblər, şimaldan cənuba doğru sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamaq barədə razılığa gəliblər.

Biz bu cür təmasları və birgə işi həmişə alqışlamışıq, çünki bu, şübhəsiz ki, regionun sabitliyinə öz töhfəsini verəcək”.

Overçuk iddia edib ki, Rusiya iki ölkə arasında sərhədin delimitasiya və demarkasiyası prosesini həmişə dəstəkləyib və sorğu əsasında kartoqrafik materialları (xəritələr – red.) təqdim etməyə hazırdır.

Rusiya baş nazirinin müavini qeyd edib ki, Moskva bu işdə təcrübəsinə əsaslanaraq ölkələrə məsləhətçi yardım göstərməyə hazırdır.

“Məlumat baxımından, bilirsiniz ki, Rusiyanın müvafiq kartoqrafik materialları var, lazım gələrsə, delimitasiya və demarkasiyada iştirak edən tərəflərin xahişi ilə verilə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər