Rusiya Suriyanın yeni hökumətinin tələblərini yerinə yetirmək niyyətində deyil.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert iki ölkə arasındakı son gəlişmələrə diqqət çəkib:
“Rusiya ən böyük pisliklərdən birini Suriya xalqına edib. Əslində, Bəşər Əsəd rejimi 10 il əvvəl devrilməliydi. Suriya xalqı ayağa qalxmış, müxalif silahlılar Dəməşqə yaxınlaşmışdılar. Əsəd təcili Moskvaya getdi, rusiyalı həmkarı Putinə yalvardı, dəstək istədi. Putin əmr verdi, Rusiya təyyarələri müxalif qüvvələrin mövqelərini bombalamağa başladı, sonra Moskva Suriyada ikinci hərbi bazasını yaratdı, “Vaqner” muzdluları bu ölkəyə göndərildi.
Ədalət naminə onu da deyək ki, Rusiya o dönəmdə Suriyada terrorçu İŞİD-in də mövqelərini bombalayırdı. Ancaq bu bombalama zamanı şəhərlər dağılır, mülki insanlar da həlak olurdular. Bunlar nəyin naminə baş verdi? Əsəd onsuz da devrildi.
Rusiya Əsədin üstündən xətt çəkdikdən sonra Dəməşqə nümayəndəsini göndərib. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Dəməşqdə Suriyanın yeni lideri Əhməd Şəra ilə görüşüb. Dəməşq hələlik Rusiyanın Suriyanın hərbi dəniz limanındakı fəaliyyətinin əleyhinə deyil, ancaq iki tələbi var. Birincisi, Rusiya Suriyada yaratdığı dağıntılara görə təzminat ödəməli, ikincisi, Əsəd və yaxın ətrafını ekstradisiya etməlidir”.
Elxan Şahinoğlu qeyd edib ki, Dəməşq bu tələblərində haqlı olsa da, Kreml bunları yerinə yetirməyəcək:
“Təsadüfi deyil ki, Kreml Dəməşqin tələblərini cavab verməkdən yayınıb. Dəhşətlidir, Suriya və Ukraynanı bombalayır, hər iki ölkədə mülki insanları öldürür, Azərbaycana məxsus sərnişin təyyarəsini raketlə vurur, vətəndaşlarımız həlak olur və bütün bunlara görə məsuliyyətdən yayınmağa çalışırlar”.
Xatırladaq ki, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra Bakı Moskvaya qarşı üzr, təzminat, bu məsələdə məsuliyyət daşıyanların cəzalandırılması və digər tələbləri irəli sürüb. Moskva hələlik tələbləri yerinə yetirməyib.