Ermənistanda hakimiyyətlə yanaşı, müxalifət də siyasi böhran keçirir. Konkret şəxslər ətrafında formalaşan siyasi partiyalarda qopmalar sürətlənir. Ölkənin sayca ikinci siyasi qüvvəsi olan Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanın istefasında sonra partiya daxilində böhran yaşanıb.
Partiyanın parlament fraksiyasının 9 üzvü biletlərini qaytarıblar. Partiyanın üzvü, sabiq XİN rəhbəri Vardan Oskanyan da partiya biletini təhvil verənlər sırasındadır. O qeyd edib ki, təmsil olunduğu partiya cəmiyyəti düzgün istiqamətləndirmək əvəzinə radikal daxili islahatlara əl atdı.
Çiçəklənən Ermənistan Partiyasının ən güclü mövqeyə malik olduğu Gümridə də istefalar var. Şəhərin meri Samvel Balasanyan bəyanatında bildirib ki, Tsarukyanın partiya sədri vəzifəsindən istefa verməsi və siyasətdən tamam uzaqlaşması onun da partiyadan getməsinə səbəb olub: “Bundan sonra mənim FEP qarşısında heç bir öhdəliyim yoxdur”.
Ermənistanın ən varlı sahibkarlarından biri Qaqik Tsarukyan təxminən 10 il əvvəl Çiçəklənən Ermənistan Partiyasını təsis edib. Sərkisyanın tənqid və təzyiqlərindən sonra siyasətdən uzaqlaşan Tsarukyan partiyaya maliyyə dəstəyi verməyəcəyini bəyan edib.
Siyasi ekspertlər qeyd edirlər ki, maliyyə dəstəyi olmadan Çiçəklənən Ermənistan Partiyasının ayaqda qalması mümkün deyil. Həmçinin burada cəmləşənlər hansısa siyasi ideyaya görə deyil, Qaqik Tsarukyanın pulu ətrafında birləşmişdilər.
Ruslan