AGF Kuboku uğrunda yarışların son günündə güləşçilərimiz 5 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
Azərbaycan Güləş Federasiyasından (AGF) Teleqraf.com-a verilən məlumata görə, Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. Bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyıb.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edib.
Turnirin son günündə gənclər arasında sərbəst güləş üzrə 148 pəhləvan mübarizə aparıb. Güləşçilərimiz 5 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, Rusiya yığması isə üçüncü yeri tutub.