Beynəlxalq Miqrasiya Təşkilatı Aralıq dənizində daha bir “batan gəmidən” həyəcan siqnalı aldığını bildirib. Məlumata görə, sözü gedən gəminin göyərtəsində 300 miqrant var.
Təşkilat artıq 20 nəfərin boğulduğun xəbər verildiyini deyir.
Siqnalı göndərən şəxs üç qayığın xilas gözlədiyini bildirib. Avropa İttifaqının nazirləri bazar ertəsi Lüksemburqda müşavirə keçirirlər.
Onlar ötən həftəsonu Liviya sahillərində gəminin batması nəticəsində yüzlərlə miqrantın həlak olması ilə bağlı fikir mübadiləsi aparacaqlar. Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini deyib ki, Avropa Aralıq dənizində yaranmış miqrant böhranı üçün mənəvi məsuliyyət daşıyır.
“Aralıq bizim dənizimizdir və biz avropalı kimi birlikdə hərəkət etməliyik. Avropa İttifaqı insan haqlarının, insan ləyaqətinin və insan həyatının müdafiəsi prinsipləri üzərində qurulub. Biz buna uyğun şəkildə davranmalıyıq” – deyib xanım Mogherini.