Berlində yerləşən “Aldi” ticarət şəbəkəsinin mağazalarına ikinci dəfədir ki, bananla dolu qutularda gizlədilmiş iri həcmdə kokain daxil olub.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, kokain yükü Almaniyanın paytaxtında yerləşən 14 mağazaya göndərilib. Bananla dolu yeşiklərdə gizlədilən narkotik vasitələrin ümumi həcmi təxminən 386 kiloqramdır və 15-20 milyon avro dəyərində qiymətləndirilir.
Polis Kolumbiyadan qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklə dolu yeşiklərin səhvən mağazalara göndərildiyini güman edir. Yükün nəzərdə tutulmuş əsl ünvanını hələ ki, müəyyən etmək mümkün olmayıb.
Müsadirə edilmiş kokain Berlin tarixində qeydə alınan ən böyük narkotik yüküdür. Bundan qabaqkı rekord 2014-cü ilin yanvar ayında oxşar hadisə nəticəsində elə həmin ticarət şəbəkəsinin mağazalarına daxil olan 140 kiloqramlıq kokain yükünə aid idi.