Rusiya Birləşmiş Millətlər Təşkilatına (BMT) Arktikada öz kontinental şelfinin genişlənildirilməsi üçün sifariş verib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Moskva sərhədi “materik hissəsinin təbii komponenti” hesabına genişləndirməyi planlaşdırır.
Ümumiyyətlə, BMT-nin Kontinental şelf sərhədlərinin müəyyən olunması üzrə komissiyaya ilk müraciət edən ölkə Rusiya olub. Ruslar Qrenlandiyaya qədər uzanan Lomonosov və Mendeleyev sualtı dağlarının ölkənin kontinental şelfinin geoloji davamı olduğunu bildirirlər. Rusiya enerji resurslarla zəngin şelf sahəsinə 2001-ci ildən iddia edir. Daha əvvəl Moskvanın sifarişi informasiyanın çatışmazlığı ilə əlaqədar rədd edilib. Əgər Moskva iddialarını sübut edə bilsə, Arktikada əlavə 1,2 milyon kvadrat kilometr ərazidə neft-qaz kəşfiyyatı və hasilatı həyata keçirmək hüququ qazanacaq.
Dəniz hüququ üzrə BMT Konvensiyasına uyğun olaraq Arktika dövlətləri sahildən 200 mil aralıdakı ərazidə iqtisadi zona qurmaq hüququna malikdir. Əgər şelf bu sərhədi keçərsə, həmin ölkə öz sərhədini 350 milə qədər genişləndirə bilər. Dövlət bu hüdudlarda resurslar üzərində nəzarəti ələ keçirir. Rusiya Təbii Ehtiyatlar Nazirliyinin məlumatına görə, sifariş qəbul olunacağı halda, ölkə 5 milyard ton şərti yanacağa sahib ola bilər.
Arktikaya maraq isə yalnız onun bütün şimal yarımkürəsini nəzarət altında saxlamağa imkan verən geostrateji mövqeyi ilə deyil, əlavə olaraq onun nəhəng hidrokarbon və bioloji qaynaqları ilə əlaqədardır. ABŞ-ın qiymətləndirməsinə görə, Arktikanın dibində dünyanın neft ehtiyatlarının təxminən 15, təbii qaz ehtiyatlarının 30 faizi var. Bu baxımdan Rusiya, ABŞ, Kanada və Norveçin Arktikanın bölüşdürülməsinə göstərdikləri maraq təsadüfi sayılmır.
Rusiya: Rusiyanın öngə gələn neft və qaz şirkətlərinin nümayəndələri düşünürlər ki, Rusiyanın dövlət strategiyasının Arktikada həyata keçirilməsinə heç bir şey mane ola bilməz. Şimalın kəşfi bu böyük dövlətin xammal baxımından uzun illər davam edən beynəlxalq lider statusunu qəti olaraq gücləndirəcək. Xüsusilə, Qərbi Sibirin neft və qaz ehtiyatları tükəndiyi üçün Arktika bahalı olsa da, “tayqa diyarı”na alternativ ola bilər. Rusiya prezidenti Vladimir Putin hökumətə Arktikanın neft ehtiyatlarının axtarışları üzrə strateji prioritet verib. Bölgənin özü isə Putinin söylədiyi kimi, artıq ”milli proyekt” statusu alır.
ABŞ: Bəzi kütləvi informasiya vasitələrinin verdiyi məlumatlara görə, 10 Noyabr 2009-cu il tarixində “ABŞ-ın Arktikada Hərəkətlər Planı” kimi milli təhlükəsizliklə bağlı silsilə sənədlər hazırlanıb. Bu sənədlərdə amerikalıların Arktika bölgəsində geniş və təməl mənfəətlərinin olduğu, ABŞ-ın bu mənfəətləri müstəqil və ya başqa ölkələrlə ortaq şəkildə təmin etməyə hazır olduğu qeyd olunub. Əslində, ABŞ bununla da qütb dairəsi daxilində geniş bir ərazini özünün strateji mənfəətləri bölgəsi elan etmiş oldu.
Kanada: Mütəxəssislərin fikirlərinə görə, Kanadanın Arktikada mənfəətlərini təmin etməsi ilə bağlı özünəməxsus anlayışı var. Bu anlayış normativ-hüquqi təməli və beynəlxalq əməkdaşlıq modelini ehtiva edir. 2006-cı ildə isə Ottava “Kanadanın Arktika və Uzaq Şimalda Baş Siyasət Planı” hazırlanıb. Kanadanın ABŞ ilə bir ittifaqda olmasına baxmayaraq, bu ölkələrin qarşılıqlı əlaqələri heç də yaxşı deyil. Kanadanın Şimal-qərb keçidini öz ərazi suları elan etməsi beynəlxalq statusa sahib olduğunu iddia edən ABŞ tərəfindən mənfi qarşılanır.
Norveç: Arktikada daha çox torpaq iddiası olan ölkə Norveçdir. NATO üzvü olan Norveç Qərbi Avropa və ABŞ-ın Arktikada strateji maraqlarını aktiv olaraq təmin edir. Onun bölgədəki mövcud xarici siyasəti digər Arktika ətrafı dövlətlərin “buzlu qitə”nin təbii və su ehtiyatlarından istifadə edilməsi ilə bağlı siyasətinə qarşıdır.
Beləliklə, Arktika yaxın gələcəkdə kifayət qədər kəskin və nəticələri təxmin olunmayan geopolitik və geoiqtisadi rəqabət meydanına çevrilə bilər. Artıq bu rəqabətin müəyyən siqnalları da verilir. 2007-ci ildə Arktikanın rusiyalı tədqiqatçı Artur Çilinqarov Şimal qütbündə okean altına düşərək orada Rusiya bayrağını sancdı və dünyaya mesaj verdi. “İndi bu regiona çox ölkələr, o cümlədən Çin və Braziliya kimi ölkələr də iddia etməyə başlayıblar. Halbuki onların ümumiyyətlə şimalla əlaqəsi yoxdur”, - rusiyalı hərbi ekspert Viktor Litovkin söyləyib. Hərbi ekspertin fikrincə, Arktika bölgəsinə artan iddialar Rusiyanı hərəkət etməyə, qanuni hüquqlarını müdafiə etməyə məcbur edir. O, Rusiya siyasi rəhbərliyinin Arktikaya qayıtmaq qərarını qəbul etdiyini, Rusiya zonasının müdafiə olunması üçün Hərbi Dəniz Donanmasının inkişaf etdiriləcəyini vurğulayıb.
Kreml mütəmadi olaraq Arktika ilə bağlı hərbi planlarını açıqlayır, şimal qütbü ətrafında aviasiya bazaları yaradacağı barədə niyyətlərini açıq şəkildə ifadə edir. “Biz ora həmişəlik qayıtdıq, çünki bura qədim rus torpağıdır”, - Rusiya müdafiə nazirinin müavini, general Arkadi Baxin mətbuata açıqlamasında söyləyib.
Qütblər Birləşmiş Millətlər Təşkilatının dənizlər qanunu ilə idarə olunur. Qanuna görə, 200 dəniz mili qütb bölgəsindəki ölkələr üçün iqtisadi sərhəd olaraq göstərilir. Bu ölkələrə dənizaltı araşdırmalar aparmağa icazə verilir. Şimal qütbünün daha uzaq sahələri kimsəyə aid olmadığından, burada şərtlər çox daha çətindir.
Arktika problemləri ilə məşğul olan ən böyük və nüfuzlu dövlətlərarası təşkilat - rəsmi olaraq 1996-cı ildə yaradılmış Arktika Şurasıdır. Buraya qütbə yaxın bütün dövlətlər daxildir. Bu dövlətlərdən başqa Şurada aleutlar, eskimoslar, saamlar və digər şimal xalqlarının təşkilatlarının nümayəndələri də təmsil olunub.