Yay transfer pəncərəsi dövründə “Barselona”ya transfer olunan, ancaq FİFA-nın qoyduğu qadağa səbəbindən qışa qədər meydana çıxması mümkün olmayacaq Arda Turan üçün möcüzəvi şans yaranıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının “Roma” ilə oyununda zədələnən Rafinyanın mövsümü bağlaması səbəbindən türk futbolçunun yeni komandasında təyin olunmuş vaxtdan daha erkən debüt etmək imkanı meydana çıxıb.
İspaniya mətbuatının ortaya atdığı iddia ilə hərəkətə keçən “Barselona” rəhbərliyinin FİFA nəzdində məsələ qaldırdığı və ulduz futbolçunun oynaması yönündə artıq müsbət reaksiyalar aldığı bildirilir.
Belə ki, İspaniya Futbol Federasiyasının qanunlarına görə, klublar zədələnən futbolçunun adını sifariş ərizəsindən sildirərək yeni oyunçu yazdıra bilər. Belə fors-major hallarda FİFA-nın da güzəştə gedəcəyi gözlənilir.
Bu vəziyyətdə katalonlar ya yeni oyunçu transfer edə, ya da daha öncə keçidini həll etdikləri iki oyunçudan – Aleyks Vidal və ya Arda Turandan birinin adını iştirak ərizəsinə daxil edə bilər.
“Barselona”nın keçmiş idarəçilərindən biri Toni Freyşa məsələ ilə bağlı bildirib ki, FİFA-nın cəzasına zədəli vəziyyətlər daxil deyil.
Hazırda ali futbol qurumundan xəbər gözləyən kataloniyalılar müsbət cavab gələcəyi təqdirdə Arda Turanın adını iştirak ərizəsinə daxil edəcək.
Türk futbolçu İspaniya La Liqasının 5-ci turu çərçivəsində baş tutacaq “Selta” ilə qarşılaşmada meydana çıxa bilər.