AİDA-nın rəisi BMT Fonduna məsləhətçi üzv təyin olunub
BMT baş katibi Pan Gi Mun Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyevi bu qurumun Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (Central Emergency Response Fund – CERF) Məşvərət Qrupuna üzv təyin edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stefen Obraynın rəhbərliyi altında fəaliyyət göstərən CERF-in əsas vəzifələrinə dünyanın müxtəlif bölgələrində baş vermiş humanitar böhranların törətdiyi fəsadların dərhal aradan qaldırılması üçün ziyan dəymiş ölkələrə təcili yardımların göstərilməsi daxildir. CERF-in Məşvərət Qrupu isə fondun strateji məqsədlərinin müəyyən edilməsi, vəsaitlərin sərfinə nəzarət, eləcə də fondun idarəedilməsi ilə bağlı digər əlaqədar məsələlərdə BMT baş katibinə məsləhət vermə səlahiyyətlərinə malikdir. Qrupun üzvləri BMT baş katibi Pan Gi mun tərəfindən üç il müddətinə təyin edilir.
Qeyd olunub ki, CERF-in Məşvərət Qrupuna XIN-nin AİDA Agentliyinin rəhbərinin təyin edilməsi fövqəladə hallarla üzləşən dünya ölkələrinə göstərilən humanitar yardım əməliyyatlarında Azərbaycan Respublikasının yaxından iştirakının və verdiyi töhfələrinin təzahürü olaraq, yeni donor ölkəsi kimi beynəlxalq arenada daha da artan nüfuzunun göstəricisidir.
Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 15 dekabr 2005-ci ildə yaradılan CERF fəaliyyətə başladığı gündən 95 ölkədəki humanitar əməliyyatlara, antorogen səbəbli faciələr, təbii fəlakətlər, eləcə də ölkələrində baş verən münaqişələrlə bağlı qaçmaq məcburiyyətində qalan insanlara yardım məqsədilə 4 milyard dollar vəsait ayırıb. Fondun məsləhət qrupu mütəxəssis məsləhətləri və siyasətin müəyyənləşdirilməsi baxımından fond üçün vacib əhəmiyyətə malikdir. Ən son Nepaldakı zəlzələnin ardından yardım agentliklərinə qida, su və sığınacaq verilməsində yardım edib. Yəmənə humanitar məqsədlərlə 44 milyon dollar, Suriya və qonşu ölkələrdə vacib yardım əməliyyatlarına 78 milyon dollar ayırıb.
Səxavət