Rusiyanın Peterburq şəhərində bu ilin sentyabrında yoxa çıxmış Azərbaycan vətəndaşının dörd erməni tərəfindən vəhşicəsinə öldürülməsi ilə bağlı məlumat vermişdik.
Həmin hadisənin təfərrüatlarını əldə etmişik.
ATV.az xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlıların criminal.az-a verdiyi məlumata görə, amansızlıqla qətlə yetirilən şəxs 39 yaşlı Aqil Sabir oğlu Muradovdur. Onun yoxa çıxması haqda polisə onun milliyyətcə rus olan arvadı məlumat verib.
Rusiya İstintaq Komitəsi müraciətdən üç gün sonra həmin şəxsin qətli ilə bağlı cinayət işi qaldırıb. Məlum olub ki, əslən Cənubi Azərbaycandan olan A.Muradov Rusiyada xırda sahibkarlıqla məşğul olumuş. Onu sentyabrın 14-də gecə saat 1 radələrində həmin ermənilər Leninqrad vilayətinin Puşkino şəhərindəki restoranda milli zəmində baş verən münaqişə zamanı döyüblər.
Daha sonra onu "Volkswagen Touareg" avtomobilinin baqajına qoyaraq Tosnensk rayonu, Krasnıy Bor qəsəbəsi yaxınlığındakı çölə aparıblar. Orada ermənilərdən biri Azərbaycan vətəndaşını 13 bıçaq zərbəsi ilə öldürüb. Qalan üçü isə cəsədi basdırıb və avtomobili yandırıb.
Mərhumun yaxınlarının criminal.az-a verdiyi məlumata görə, ermənilər maşını yandırmayıblar. Həmin maşını özləri ilə Ermənistana keçiriblər.
Xatırladaq ki, cinayətin üstü bu günlərdə açılıb. Qətllə bağlı 4 erməni tutulub. Onlardan biri Ermənistan vətəndaşıdır, qalanlarının Rusiya vətəndaşlığı var. Saxlanılan şəxslərin ifadəsi əsasında cəsədin yeri müəyyən edilib və çıxarılıb. Şübhəlilərdən ikisinin barəsində həbs-qətimkan tədbiri seçilsə də, qalan ikisindən başqa yerə getməmək barədə iltizam alınaraq buraxılıb.