Rusiya aviaqrupunun təyyarələri sentyabrın 30-da Suriyada hərbi əməliyyatlar başlanan vaxtdan xam neft və neft məhsulları daşıyan 1200-dən çox sisternli avtomobil məhv ediblər.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy məlumat verib.
"Rusiya aviasiyası zərbələr endirməyə başladığı vaxtdan 1200-dən çox belə sistern məhv edilib", — deyə Rudskoy bildirib.
Onun sözlərinə görə, təkcə son üç gün ərzində yaraqlıların 6 qanunsuz neft mədəni, həmçinin xam neft və onun emalı məhsullarını daşıyan 7 avtomobil karvanı məhv edilib.
"Son bir neçə həftə ərzində İŞİD və digər terror qruplaşmalarının mövqelərinə endirilən zərbələrin sayı çoxaldılıb. Rusiya aviasiyası Suriyada terrorçuların gəlir mənbələrinin partladılmasına böyük diqqət ayırmaqdadır", — deyə Rudskoy qeyd edib.