Ukraynanın könüllü batalyonları “Donetsk Xalq Respublikası”nın (“DXR”) mövqelərinə hücuma keçməyə hazırlaşır.
Bu barədə “Donetsk” agentliyi “DXR”in “Müdafiə Nazirliyi”nin kəşfiyyat bölməsinə istinadən bildirib.
“Bizim mənbələrimiz Minsk razılaşmaları və Ukraynanın hərbi-siyasi rəhbərliyinin göstərişlərinin əksinə olaraq millətçi bölmələrin hücuma hazırlaşdığını bildiriblər”, - xəbərdə deyilir.
Kəşfiyyatın məlumatına görə, “Dnepr-1” batalyonunun komandanlığı Qorlovka rayonu istiqamətində hərbi texnika toplamağa başlayıb.
Xatırladaq ki, 12 fevral 2015-ci ildə “Norman dördlüyü” ölkələrinin (Almaniya, Fransa, Ukrayna və Rusiya) liderləri Belarusun paytaxtı Minskdə “Minsk razılaşmalarının icrası üzrə tədbirlər kompleksi” adlı sənəd imzalayblar. Sənəd atəşin dayandırılması, ağır silahların təmas xəttindən çəkilməsi, konstitusiya islahatının keçirilməsi, Donetsk və Luqansk vilayətlərinə xüsusi statusunun verilməsi və digər məsələləri nəzərdə tuturdu. Sənəddəki məsələlərin əksəriyyəti 2015-ci ilin sonuna kimi yerinə yetirilməli idi.
Atəşkəs razılaşmasına baxmayaraq, Donetsk şəhərinin ətrafı və Qorlovka rayonlarında tez-tez atışma olur. Yayda könüllü batalyonların döyüşçüləri Kiyevdən Donetsk və Luqanska hücum etməyi tələb ediblər.
Publika.az