"2011-ci ildən başlanan vətəndaş müharibəsi Suriyaya 200 milyard dollar zıyan vurub".
Teleqraf.com xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Rusiyanın "Ria Novosti" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, atəşin dayandırılması ilə beynəlxalq təşkilatlara Suriyaya humanitar yardım göndərməsi üçün əlverişli şərait yaranıb: "Miqrantların qayıtması məsələsinə gəlincə isə, qaçqınlar Suriyada vəziyyət yaxşılaşan kimi geri dönəcəklər. Suriya hökumət nümayəndələri xüsusi tədbirlər həyata keçirməklə miqrasiyanın qarşısını almağa çalışır. Biz mühairbə zamanı dağılmış infrastrukturların bərpası üçün işlərə başlamışıq. Miqrasiyanın səbəbləri tək terrorçuluq deyil. Suriyalılar Qərb ölkələrinin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardan da əziyyət çəkir. Bir çox insanlar daha yaxşı yaşamaq üçün Avropaya üz tuturlar. Halbuki, onların tərk etdikləri şəhər və rayonlarda terror yoxdur".
Əsəd bildirib ki, Suriya və İraqdakı terrorçuluğa Türkiyə, Səudiyyə Ərəbistanı və bəzi Avropa ölkələri, o cümlədən Fransa və Böyük Britaniya dəstək verir: "Terrorçuluq - bax əsil problem budur. Biz terrorçuluqla beynəlxalq səviyyədə mübarizə aparmalıyıq. Terrorçuluq Suriya ilə yanaşı İraqda da mövcuddur. Adı çəkilən ölkələrdən başqaları isə ancaq dayanıb, baxırlar. Onlar buna qarşı ciddi tədbirlər görmürlər".
Samir