26 Aprel 2017 18:34
1 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

İssa Kobayaşi haqqında…

Yapon poeziyası tarixində hayku ustadı kimi tanınan üç şairin sırasında Başo və Busonla yanaşı İssanın da adı çəkilir. O da Edo dövrü şairlərindəndir. İssa Kobayaşi Şinano əyalətinin (indiki Şinanomati əyaləti, Naqano prefekturası) Kaşivabara kəndində fermer Yaqoheyanın ailəsində 1763-cü ildə doğulub. Uşaqkən Yataro çağırılan, rəsmi adı isə Kobayaşi Nobuyuki olan şair İssa adını 29 yaşında qəbul edib.

İki yaşında ikən anası Kunini itirən Kobayaşinin atası ikinci dəfə evlənir. Ailədə yaranan xoşagəlməz durumla əlaqədar, Kobayaşi 13 yaşında evlərini tərk edir. Atasının məsləhəti ilə - bəzi mənbələrə görə isə icazəsiz və gizlin Edoya, indiki Tokioya yollanır. Atası onun uğurlu tacir və ya sənətkar kirni yetişəcəyinə ümid etsə də, Kobayaşi bu gözləntiləri doğrultmur. O, 25 yaşında Katsusika məktəbində Mociqatu Somaru və Nirokuana Kobayaşi Çikuanın rəhbərliyi altında poeziya sənətinin sirlərini öyrənməyə başlayır. Tezliklə peşəkar şair kimi tanınır və dövrünün digər şairləri kimi gəzərgi həyat sürərək hayku qoşmaqla pul qazanmağa başlayır. Bəzən isə səyahətlərə ara verərək buddist məbədlərində mirzəlik edir.


39 yaşında doğma kəndi Kaşivabaraya qayıdan şair atasını ölüm yatağında görür. Atası dünyasını dəyişdikdən sonra isə İssanın analığı və kiçik qar-daşı ilə miras davası başlayır. 12 il sonra öz payını alan İssa o vaxtdan kənddə məskunlaşır, payına düşən torpaq sahəsində əkinçiliklə məşğul olur, hayku dərsləri deməklə müəyyən qazanc əldə edir. Kiku adlı bir qızla ailə quran İssanın 4 oğlu və 1 qızı dünyaya gəlir. Amma uşaqların hamısı kiçik yaşlarında dünyalarını dəyişirlər. Uşaqların ardınca Kiku da vəfat edir. Şair ikinci dəfə samuray qızı Yuki ilə evlənir. Amma 38 yaşlı bu qadın bir neçə ay sonra şairdən boşanır. Mənbələr həmin il İssanın insult keçirdiyini yazır. İnsult nəticəsində şair İssa danışıq qabiliyyətini də itirir.
İssanın poeziyası şəxsi motivlərdən istifadə, uşaq sadəliyi, yerli dialekt ünsürləri və dialoq formalanın bolluğu ilə seçilir. Onun qələmindən 20 000-dən çox hayku, xeyli hayqa (hayku mövzlarına həsr edilmiş rəsm əsəri), yüzlərlə haybun və tanka çıxıb. Şairin əsərlərindən ibarət ən məşhur məcmuələr "Atamın ölüm gündəliyi" və "Mənim baharım" toplularıdır. Bundan başqa, o, demək olar ki, bütün həyatı boyu gündəlik yazıb. Haybun üslubunda (şeirlə tamamlanan və ya şeirin yazıldığı şəraiti təsvir edən nəsr parçası) gündəlik yazan İssa onlara ad qoymur, gündəliklərini 'birinci..., ikinci.., üçüncü gündəlik" deyə nömrələyirdi ki, indi bunlar da yapon ədəbiyyatının qiymətli incilərindən sayılır.



Teleqraf.com İssanın haykularını Cəmşid Bəxtiyarın tərcüməsində təqdim edir:

***

Yeni il
cır-cındır dükanına
heç cür gələ bilmir.

***

Qar əriyir,
gecə göy üzündə yuyunmuş
totuq Ay.

***

Göyərçin bayquşa:
ey bayquş,
təbəssümə bax.
yaz yağışıdır yağan.

***

Xoşbəxtliyə bax!
ilin ilk günü və ilk hünü
məni dişlədi.

***

Qar əridi.
gözün bərəldib,
gölməçədən boylanır dəcəl Ay.

***

Yenə yaz gəldi,
təzə axmaqlıq
köhnəni əvəzlədi.

***

Taxtapuşçunun
arxasını yelpikləyir
bahar küləyi.

***

İlk kəpənək
bütün gecəni mürgü döydü
köpəyin yal qabında.

***

Çəməndəki arı,
növbəti ömrümdə də
mənə bənzəmə!

***

Hər axşam
insan səsindən diksinirlər
albalı gözəlçələr.

***

Sərin meh əsir.
yerə əyilib məni də tutsun deyə
girəvə gəzir.

***

Sükut.
Gölün dibində ağarır
bulud topası...


Müəllif:

Oxşar xəbərlər