30 Sentyabr 2023 21:52
11 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir tərəfdə insan ruhunun qaranlıq labirintlərində dolaşan Dostoyevski, o biri yanda sosial problemlərə həssaslıqla yanaşan Turgenev var. Amma bu iki dahi arasındakı münasibət dostluğa bənzəmirdi.

Teleqraf.com xəbər verir ki, rus ədəbiyyatının iki nəhəng ismi arasındakı çəkişmə anlamsız yerlərə qədər gedib çıxmışdı.

Turgenev zəngin və aristokrat çevrələrdə olarkən, Dostoyevski yoxsulluq və məşəqqətlə dolu bir həyat yaşayırdı.

İkisinin ilk görüşü 1845-ci ildə Belinskinin çevrəsində baş tutur. Görüşərkən adları yüksəlməkdə olan yazıçı idilər, amma Dostoyevski Turgenevə gizli bir heyranlıq və qısqanclıq hiss edirdi.

Dostoyevski Sibirdən qayıtdıqdan sonra indi daha məşhur və tanınmış Turgenevlə tanış olur. Dostoyevskinin “Vremya” jurnalı yenicə nəşrə başlamışdı, Turgenevlə “Kabuslar” adlı hekayə haqda yazışırlar. Bir-birinə göndərdikləri məktublar nəzakətlə doludur: Turgenev Dostoyevskinin “Ölü evdən qeydlər”ini tərifləyir, Dostoyevski isə “Atalar və oğullar”a heyranlığını gizlətmir. Amma Dostoyevskinin Turgenevə heyranlığı jurnalının satışını artırmaq üçün yazıçıdan məqalələr istəməsi ilə kölgədə qalır.

Dostoyevski məktublarında Turgenevin hekayələrini dərc etsə, oxucularının sayının artacağını bildirir. Turgenevin rahatlığı ilə Dostoyevskinin narahat tonu arasındakı ziddiyyət iki yazıçı arasındakı sosial və maddi fərqləri göstərirdi. Turgenev ona hekayələr üçün ödəniləcək qonorarı xatırladanda münasibətləri gərginləşir.

1865-ci ildə Fyodor Dostoyevski İvan Turgenevdən borc alaraq Visbadenə gedir. Amma bu borcu unudur, iki il sonra Turgenevlə Badendə görüşür. Bu qarşılaşma iki yazıçı arasında çox gərgin atmosfer yaradır.

Dostoyevski bu borca görə özünü gərgin hiss edir, Turgenev də yeni “Tüstü” romanına gələn tənqidlərə görə stress keçirirdi. Bu durum ikisi arasında mübahisələrə səbəb olur.

Dostoyevski son dərəcə dindar və vətənpərvər olarkən, Turgenev qərbpərəst və liberal baxışlara malikdir. Bu əsaslı fərqlər onlar arasında şəxsi və ideoloji qarşıdurmaya səbəb olur. Hər iki tərəf özünü haqlı hesab etdiyi üçün münaqişə bir müddət davam edir.

İki böyük rus yazıçısının qarşıdurması təkcə ədəbi sahədə yox, həm də şəxsi və ideoloji müstəvidə yaşanırdı.

Dostoyevski “Şeytanlar” adlı əsərində Turgenevi Karmazinov obrazı ilə tənqid edir. Bundan qəzəblənən Turgenev Dostoyevskiyə cavab olaraq sərt sözlər yazır. Xüsusilə illər əvvəl Dostoyevskinin ondan borc aldığını, sonradan bunu ödəmək əvəzinə “Tüstü” əsəri haqda təhqiramiz ifadələr işlətdiyini xatırladır.

Nəhayət, borc 1875-ci ildə ödənilir, Moskvada “Puşkin” abidəsinin açılışında onların arasında “sülh” yaranır. Amma Dostoyevskinin ölümündən sonra Turgenev onu Markiz de Sadla müqayisə edərək tənqidi açıqlamalar verir ki, bu da iki yazıçı arasındakı gərginliyin heç vaxt tam aradan qalxmadığını göstərirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər