Bu gün BMT-nin İrəvandakı ofisinin qarşısında aksiya keçirilib.
Teleqraf.com erməni resurslarına istinadən xəbər verir ki, aksiyada iştirak edənlər BMT-nin ofisindən nümayəndələrini Xankəndinə göndərməyi, orada baş verənlərlə tanış olmağı tələb ediblər.
Etiraz edənlər BMT-ni ittiham ediblər, “susmaqda” günahlandırıblar. Eyni zamanda BMT-nin Ermənistandakı koordinatoru Şombi Şarpla görüş tələb ediblər. Lakin onlara deyilib ki, koordinator ofisdə olmadığından onları qəbul edə bilməz. Etirazçılar isə axşam saatlarına qədər gözləyəcəklərini, cavab almadan geri dönməyəcəklərini və tələblərini şəxsən koordinatora təqdim edəcəklərini qeyd ediblər.
Bu, faktiki olaraq Azərbaycan Ordusunun sentyabrın 27-dənetibarən başlatdığı anti-terror əməliyyatlarından sonra İrəvanda yüzlərlə sakinin iştirak etdiyi ilk aksiyadır. Bu aksiya zamanı erməni hiyləgərliyi bir neçə məqamda müşahidə edilib. Məsələn, ermənilər BMT ofisi qarşısında hər hansı siyasi tələblə çıxış etməyib. Onların tələbi ofisin Dağlıq Qarabağa nümayəndə “göndərməsi” və Qarabağdakı erməni qadınlarının durumu ilə “tanış” olmasına dairdir. Başqa sözlə, BMT Dağlıq Qarabağ daxil olmaqla, işğal edilən əraziləri Azərbaycanın suveren ərazisi kimi tanıdığından hər hansı bir siyasi tələbə ciddi yanaşmaz. Aksiyanı təşkil edən Nikol Paşinyan hökuməti də bunun fərqindədir.
Müşahidələr deməyə əsas verir ki, bu, İrəvanda birinci və sonuncu aksiya olmayacaq. Xüsusilə, diqqəti bu ölkədəki siyasi qüvvələrə çəkdikdə görmək olar ki, Daşnaksütyun partiyası da aksiya keçirməkdə qərarlıdır. Əslində bu partiya hazırda Robert Köçəryan və Serj Sərkisyan daxil olmaqla “Qarabağ klanının” sözünün ifadəçisi rolunda çıxış edir. Unutmaq olmaz ki, Ermənistanda son parlament seçkiləri zamanı daşnaklar parlamentdən kənarda saxlanılıb. Buna səbəb də onların daha əvvəlki hakimiyyətə dəstəyi olub.
Ötən həftə məhz Daşnaksütyun 14 partiyanın apardığı müzakirələrdən sonra açıqlama yayaraq Ermənistan hökumətindən Qarabağda gedən savaşlara görə, xüsusi komitə təşkil etməyi, ona geniş səlahiyyətlər verməyi tələb kimi səsləndirib. Eyni zamanda bu partiyanın liderlərindən biri Erməni Milli Konqresinin lideri Levon Terpetrosiyanla görüşərək vəziyyəti müzakirə edib. Bu görüş və məlum tələbdən az sonra Terpetrosiyan bəyan edib ki, indiki dövrdə hakimiyyət qarşısında tələb qaldırmaq faciələrə gətirib çıxara bilər. Beləcə L.Terpetrosiyan göstərib ki, heç bir halda “Qarabağ klanın”a stavka etməyəcək.
Bununla belə Ermənistan tarixində dəfələrlə olub ki, siyasi qüvvələr “Xaç atası” saydıqları Levon Terpetrosiyanla görüşüb, məsləhətləşiblər, amma sonda öz maraqlarına uyğun addımı atıblar.
İndiki halda İrəvanda BMT ofisi qarşısında keçirilən aksiya daha çox “vətənpərvərlik” zəminində olsa da, əslində Baş nazir Paşinyana yaxın adamlar tərəfindən təşkil edilməsi şübhə yaratmır. Bununla faktiki olaraq yerli ermənilər Qarabağ ermənilərinin revanşının qarşısını alır və cəmiyyəti öz ətrafında birləşdirməyə çalışır.
Daşnaksütyun partiyasının aksiyalarla bağlı planlarının olması da şübhə yaratmır. Bütün bunlar göstərir ki, düşmən tarixi torpaqlarımızdan çıxarıldıqca İrəvanda aksiyalar vüsət alacaq.