İngilis jurnalist Neil Uatson Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan Dağlıq Qarabağ bölgəsində apardığı uğurlu hərbi əməliyyatları yüksək qiymətləndirib və bunun nəticəsində bir sıra ərazilərin erməni işğalından azad edildiyini bildirib.
Teleqraf.com xəbər verir ki, jurnalist Azərbaycan hökumətinin 27 il sonra ərazilərinin azad edilməsinə nail olmaq istəyi üçün böyük səy göstərdiyini söyləyib.
Uatson “Dispatch News Desk” nəşrində dərc olunan məqaləsində Azərbaycanın beynəlxalq hüquqa riayət etdiyini vurğulayıb:
“Azərbaycan Ordusu uzun illərdən sonra Cəbrayıl və Füzuli şəhərlərini erməni işğalından azad etdi. Həqiqətən bu nöqtəyə çatmaq üçün 27 il keçdi. Vaxt çox uzandı, Azərbaycan hökuməti, xüsusən də Prezident İlham Əliyev işğalçı qüvvələrlə danışıqlar aparmağa çalışdı.
Azərbaycan Ordusunun kəndləri və qəsəbələri işğaldan azad etdiyini görəndə sevindiyini yazan Uatson erməni ordusunun əraziləri tamamilə təslim edəcəyini və oyunun bitdiyini başa düşəcəyini ümid edir.
Uatson mərhəli həll planına uyğun olaraq, Ermənistanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana geri qaytarmalı olduğunu vurğulayıb və əlavə edib ki, işğalda olarkən ermənilər tərəfindən viran qoyulan əraziləri azad etdikdən sonra Azərbaycan həmin yerlərdə bərpa və quruculuq işlərinə başlaya bilər.
Dağlıq Qarabağdakı erməni və azərbaycanlı icmalarının gələcəkdə birgə yaşamasına toxunan Uatson, azərbaycanlılar və ermənilər, eləcə də digər etnik və dini azlıqların nümayəndələrinin əvvəllər olduğu kimi birlikdə barışıq və ahəng içində yaşaya biləcəklərini söyləyib.
Bundan əlavə, jurnalist Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq Qarabağda hərbi əməliyyatlar aparmaq hüququna malik olduğuna inanır:
“BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistanın Azərbaycan ərazilərini işğalı pislənilir. İndi Azərbaycanın etdiyi şey beynəlxalq hüquqa riayət etməkdir. Bundan əlavə, Gəncə və Azərbaycanın digər şəhərlərində yaşayış məntəqələrinin vurulması Azərbaycan hökumətinə təcavüzkarlara qarşı özünümüdafiə hüququ verir”.