Ermənistanın elm, təhsil, mədəniyyət və incəsənət xadimləri birgə bəyanat yayaraq Nikol Paşinyanın istefasını tələb ediblər.
Teleqraf.com xəbər verir ki, bununla bağlı bəyanat Ermənistan Respublikası ziyalılarının ilk iclasında qəbul olunub.
İclas iştirakçıları ölkədəki vəziyyətdən narahat olduqlarını bildirərək bəyan ediblər ki, Ermənistan Konstitusiyasının və vətənin qorunmasının qarantı ola bilməyən Nikol Paşinyanın rəhbərlik etdiyi mövcud rejim ölkədəki ağır vəziyyətə görə büsbütün məsuldur, ölkəni, xalqı ağrılı və ağır məğlubiyyətə sürükləyib:
“Bu səbəbdən erməni dövlətçiliyini təhdid edən prosesin qarşısını almağa kömək etmək üçün Nikol Paşinyanın istefasını tələb edirik. Xalqın arasında və Milli Məclisin razılığı olmadan Nikol Paşinyan tərəfindən 9 noyabrda imzalanan biabırçı təslim aktını və şərtlərini qəbuledilməz hesab edirik. Ermənistanın gələcək hökumətindən mövcud vəziyyətdən çıxmaq üçün əlverişli yollar tapmaqdan ötrü ardıcıl və təsirli addımlar atmağı tələb edirik”.
Bəyanatı iclasda iştirak edən 60-dan çox insan – elmlər namizədləri və doktorları, professorlar, dosentlər, müəllimlər, musiqiçilər, aktyorlar, yazıçılar, rejissorlar, müğənnilər, dirijorlar, jurnalistlər, əməkdar mədəniyyət işçiləri və ictimai xadimlər imzalayıb.