11 Yanvar 2021 12:26
9 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan cəmiyyətinin nəfəsi kəsilmiş halda bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçiriləcək görüşün nəticələrini gözlədiyini desək, mübaliğə olmaz. Bir neçə gündür yerli mətbuatda və sosial şəbəkələrdə İrəvanla Bakı arasında sərhədlərin müəyyənləşdirilməsi, əsirlərin geri qaytarılması və müharibədən sonrakı vəziyyətlə bağlı bir çox digər məsələlərə dair yeni anlaşmanın imzalanacağı barədə şayiələr dolaşır”.

Teleqraf.com xəbər verir ki, bunu “Sputnik Armenia”ya erməni politoloq Yervand Bozoyan deyib.

Onun fikrincə, Ermənistandakı gərginlik və bədbin düşüncələr Baş nazir Paşinyan tərəfindən atılan addımlarla bağlıdır. Bozoyan qeyd edib ki, noyabrın 10-da atəşkəs anlaşması imzalandıqdan və müharibədəki məğlubiyyətdən sonra ermənilər rəsmilərə inanmağı dayandırıblar.

Ekspert Ermənistanda orduya da əvvəlki etibarın olmadığına inanır:

“Bu fonda Qarabağla bağlı yeni bir sənədin imzalanacağı ehtimalı ölkədə son dərəcə ciddi narahatlığa səbəb olur. Rəsmi strukturların ağzından çıxan bəzi formullar, sözlər həqiqətə yaxın olsa da, insanlar onlara şərt qoyurlar ki, yeni bir təslimçi sənədin imzalanması yaxşı nəticələrə yol açmayacaq”.

Bozoyan əlavə edib ki, son aylardakı proseslər nəticəsində Ermənistan cəmiyyəti uzunmüddətli inkişaf, təhlükəsizliyin möhkəmləndirilməsi və sairlə bağlı ümidləri hazırkı hökumətlə əlaqələndirməyə son verib.

O, Ermənistanda paradoksal bir vəziyyətin yarandığını da deyib:

“Dünya tarixindən məlumdur ki, bir ölkənin hərbi məğlubiyyətindən sonra ordunun təşəbbüsü ilə hakimiyyət dəyişikliyi baş verir. Məsələn, Latın Amerikası ölkələrində, bir sıra Avropa ölkələrində - İspaniyada, Yunanıstanda.

Bir qayda olaraq, hərbi forma geyinən insanlar özlərində dövlətçiliyi qurtarmaq üçün müəyyən bir missiyanın olduğunu hiss edirlər, xüsusi bir məsuliyyət daşıyırlar. Ancaq Ermənistanda çox qəribə bir vəziyyət görürük - ölkə lideri istefa vermək istəmir, çünki öz fiziki təhlükəsizliyi üçün təhlükəsizlik qüvvələrinin zəmanətlərini hiss edir”.

Politoloq hesab edir ki, Ermənistan ordusu Paşinyana münasibətdə son dərəcə passiv və hətta itaətkar davranır: “Bu, çox təəccüblüdür və hətta Ermənistanda real güc strukturlarının olmadığını düşünmək olar”.

Bozoyan inanır ki, müəyyən mənada müxalifət Paşinyan rejimini hakimiyyətdən uzaqlaşdırılmaq üçün güc strukturlarının funksiyalarını öz üzərinə götürməyə çalışır: “Ancaq belə vəziyyətlərdə hərbi qüvvələrin iştirakı olmadan müvəffəqiyyət şansı yoxdur. Digər yandan kütlələr sosial və iqtisadi şüarlar altında çıxırlar”.

Bozoyan sosial-iqtisadi məsələlərin ermənilər üçün mövcud gəlişmələrdən daha öndə olduğunu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər