“Ermənistanın Baş naziri Nikol Paşinyan “İsgəndər” raketləri ilə bağlı açıqlamasının Rusiya ilə münasibətlərdə başına bəla açacağını anlayaraq bir gün sonra yeni açıqlama ilə əvvəlki sözlərinə düzəliş etməyə çalışıb. Paşinyan hökumətin iclasında bildirib ki, Ermənistan silahlı qüvvələrinin islahatlarını sürətləndirmək məqsədilə “yol xəritəsi” hazırlanacaq və bu istiqamətdə “Ermənistanın təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşı – Rusiya Federasiyası ilə sıx əməkdaşlıq ediləcək”. Paşinyanın sözlərinə görə iki ölkə arasında təhlükəsizlik və hərbi-texniki sahədəki əməkdaşlıq daha effektiv olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Nikol Paşinyanın yeni açıqlaması çətin ki, Kremlin acısını soyutsun:
“Əksinə, Paşinyanın yeni açıqlamasını da belə oxumaq mümkündür: “Ermənistanla Rusiya arasında hərbi-texniki sahədə buna qədərki əməkdaşlıq işə yaramadı, Sizdən aldığımız hərbi texnika yararsız çıxdı, bu əməkdaşlığı daha effektiv şəkildə qurmaq istəyirik”. Bu kimi açıqlamalardan sonra Paşinyan hakimiyyətdə olduğu dönəmdə Moskvanın Ermənistana hansı növ silah satacağı və peşkəş edəcəyi maraq doğurur.
Müharibədən sonra Kreml Paşinyanın hakimiyyətdə qalmasını istəyirdi. Çünki Paşinyan Moskvanın vasitəçiliyi ilə 10 noyabr və 11 yanvar bəyanatlarına imza atıb, onları yerinə yetirməlidir. Digər tərəfdən Moskva görür ki, hələ ki, Ermənistanda Paşinyana real alternativ yoxdur. Ancaq Paşinyan “İsgəndər” raketlərinin keyfiyyətsiz olması ilə bağlı açıqlamasıyla Rusiyanın hərbi-sənaye kompleksinə elə zərbə vurdu ki, Kreml bunu unutmayacaq və fürsət düşən kimi Paşinyanı hansısa yolla cəzalandırmağa çalışacaq.
Gələn son xəbərlərə görə, Ermənistan ordusu içərisində Nikol Paşinyanı devirmək istəyən qrup formalaşıb”.