Ermənistan silahlı qüvvələri baş qərargah rəisi Artak Davtyan müharibədə Azərbaycana qarşı “İsgəndər M” raketlərindən istifadə məsələsinə münasibət bildirməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, jurnalistlər Davtyandan müharibədə “İsgəndər M”-dən istifadə edilib-edilmədiyini soruşub.
“Mən heç bir şey deyə bilmərəm, bu barədə mediaya danışmağı doğru hesab etmirəm”, - qərargah rəisi söyləyib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Şuşa şəhəri istiqamətində iki ədəd “İskəndər M” raketi aşkar edildiyini açıqlayıb. Ermənistan silahlı qüvvələrinin atdığı raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib.
Xatırladaq ki, “İsgəndər” raketindən istifadə ilə bağlı ilk açıqlamanı Ermənistan Baş naziri Nikol Paşinyan verib. O, müharibədə “İsgəndər” raketlərinin atıldığını, bunun da yalnız 10 faizinin partladığını söyləyib.