Ermənistanın Şirak rayonunun regional idarəsinin binası Qarabağ müharibəsində həlak olan hərbçilərin yaxınları tərəfindən mühasirəyə alınıb.
Teleqraf.com xəbər verir ki, etirazçılar gecəni inzibati binanın önündə keçiriblər.
Vətəndaşlar geri çəkilmək niyyətində olmadıqlarını və tələblərinin dəyişmədiyini bildiriblər. Onlar Baş nazir Nikol Paşinyandan görüş tələb edir, Azərbaycanda saxlanılan terrorçuların qaytarılmasını istəyirlər.
Gecə inzibati binanın ətrafına çox sayda polis cəlb edilib. Etirazçılar isə heç kimi içəri buraxmayacaqlarını söyləyirlər.
“Başqa bir şey istəmirik. Yalnız bir tələbimiz var – övladlarımız qaytarılsın, Paşinyan bizə cavab versin. O, gələnə qədər bölgə rəhbərliyinin binasını mühasirədən çıxarmayacağıq”, - etirazçılar bildirib.
Dünən səhər terrorçuların valideynləri binaya gələrək Baş nazir Nikol Paşinyan, müdafiə naziri Vaqarşak Arutyunyan və baş nazirin müavini Tiqran Avinyanla görüşmək tələbi ilə giriş-çıxışı bağlayıblar. Çox sayda polis hadisə yerindədir.