Bu gündən başlayaraq Norveçin “Utrop” qəzetində yerli ictimaiyyəti Ermənistan işğalından azad olunan ərazilərimizdə basdırılan minalar barəsində məlumatlandırma kampaniyasına start verilir.
Teleqraf.com xəbər verir ki, Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatı tərəfindən keçirilən layihənin əsas məqsədi yerli ictimaiyyəti Qarabağ həqiqətləri barəsində məlumatlandıraraq, müharibə ərzində baş verənlərə və Ermənistanın azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərə diqqət çəkməkdən ibarətdir.
Məşhur “Utrop” qəzetində yer alan məlumat bənnerləri vasitəsilə oxucular “CAN” təşkilatının saytına keçərək, məsələ ilə bağlı Norveç dilində daha ətraflı məlumat ala bilərlər. Saytda yerləşdirilən bannerdə deyilir: “Birlikdə Azərbaycan ərazilərində humanitar aksiya çərçivəsində minalardan təmizləmə layihəsi keçirə bilərik”.
“CAN” təşkilatın sədri Şervin Nəcəfpurun sözlərinə görə, artıq onun rəhbərlik etdiyi təşkilat öz rəsmi saytı vasitəsilə Norveç hökumətinə də müvafiq müraciət edərək, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi fəaliyyətinə dəstək göstərməyə çağırıb. O xatırladıb ki, Norveç 1996-cı ildən başlayaraq beynəlxalq müstəvidə minalardan mübarizə sahəsində vacib rol oynayan ölkələrdən biri sayılır. Norveç tərəfindən habelə 25 ildə 20 ölkəyə minalardan təmizləmə fəaliyyətinə maliyyə dəstəyi olunub. Yalnız 2019-cu ildə Norveç humanitar minatəmizləmə işləri üçün 40 milyon dollar yardım edib.
Bu sahədə fəaliyyət göstərən "Norsk Folkehjelp" qeyri-hökumət təşkilatı dünyada yaxşı tanınır. 1992-ci ildən etibarən müharibə və qarşıdurmalardan sonra minalanan ərazilərin təmizlənməsinə dəstək etdiyini bildirən Şervin Nəcəfpur deyib: “CAN” təşkilatı son aylar “Norsk Folkehjelp” təşkilatına əməkdaşlıq üçün müraciət edib və Qarabağda artıq müharibənin bitdiyini və bu səbəbdən vəziyyətin minalardan təmizlənməyə imkan verdiyini diqqətə çatdırmışıq”.