Ermənistanın xarici işlər naziri Ara Ayvazyan istefa verdi. Səbəb sərhədlərlə bağlı yeni müqavilənin imzalanmasına “ortaq” olmaq istəməməsidir. Hacıqabul doğumlu, Qüdrət Xancanov adlı azərbaycanlının oğlu olduğu deyilən Ayvazyanın bu addımının təkcə özünün yox, həm də Fransanın qərarı olduğunu deyə bilərik.
Ayvazyan müharibədən sonra xarici işlər naziri təyin olunanda Fransadakı erməni diasporuna yaxınlığı haqda məlumatlar var idi. Onun təyinatdan dərhal sonra Qarabağın “statusu” məsələsini gündəmə gətirməsində, ümumiyyətlə nazir kimi fəaliyyətini əsasən bu istiqamət üzərində qurmasında da Parisin rolu görünürdü.
Münaqişənin həllindən kənarda qalan Fransa “status” məsələsi üzərindən həmsədr ölkə kimi yenidən bölgəyə qayıtmaq istəyir. Ermənistanda müharibədən sonra “status” məsələsini rəsmi şəkildə ilk dəfə Ayvazyanın gündəmə gətirməsi bu kontekstdə təsadüfi deyildi.
Fransa yeni sənədi qəbul etmədiyini Ayvazyanın istefası ilə də Paşinyana çatdırır.
İstefadan sonra Ayvazyanın siyasi fəaliyyətə qoşulacağı, Fransanın, ümumilikdə erməni diasporunun Ermənistanın siyasi palitrasında yeni fiqururunun məhz o olacağı da istisna deyil. Parisin Ermənistanın siyasi müxalifət cameəsində aktivləşəcəyi gözləniləndir.
Bu istefa diqqətçəkən bir detal da var: sərhədlərlə bağlı yeni sənəd Paşinyanın iddia etdiyi kimi, “100 faiz Ermənistanın xeyrinə” deyil, əksinə, Azərbaycanın tələbləri əsasında hazırlanacaq. Əks-təqdirdə Ayvazyan buna ortaq olmaqdan boyun qaçırmazdı.