Ermənistanın Baş naziri Nikol Paşinyan prezident Armen Sərkisyanı siyasətdən kənarlaşdırıb.
Teleqraf.com xəbər verir ki, bunu TASS-a açıqlamasında MDB İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyev bildirib.
“Sərkisyan Paşinyanın adamı deyildi, öz oyununu oynayırdı ki, bu da baş naziri qane etmirdi. Paşinyan hər şeyi təkbaşına həll etmək istəyir. Tam aydındır ki, bundan sonra Paşinyanın adamı Ermənistan prezidenti postunu tutacaq. Onun “Mülki müqavilə” partiyası parlamentdə çoxluğa malikdir, ona görə də heç bir problem olmayacaq”, - deyə ekspert bildirib.
V.Yevseyev qeyd edib ki, A.Sərkisyan istefasını izah edərkən səlahiyyətlərinin olmamasına işarə edib: “Lakin Sərkisyan ilk gündən səlahiyyətlərə malik deyildi. Gedişi hansısa formada izah etmək lazım idi, o da bunu belə izah etdi”.
Ekspertin sözlərinə görə, Paşinyan prezidentliyə yeni namizəd seçərkən həm Rusiyanın, həm də Qərbin rəyini nəzərə alacaq.