“Əvvəllər aparılan sosioloji sorğulara görə, ermənilərin 50 faizdən çoxu ölkənin gələcəyini Rusiya ilə müttəfiqlikdə görürdü. Amma son illərdə bu rəqəm xeyli azalıb, daxili rusofobiya halları isə, əksinə, artıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyada fəaliyyət göstərən bloknot.ru saytı yazır.
İnternet nəşri bildirir ki, ABŞ Senatının Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərindən sonra Ermənistan KTMT-nin hərbi təlimlərində iştirakdan imtina edib, Moskvanı hərbi müqavilələri pozmaqda günahlandırıb, BMT və ya ATƏT-in sülhməramlı missiyasını bölgəyə çağırıb:
“Əslində İrəvan açıq şəkildə ABŞ-la müttəfiqliyə doğru gedir, yəni Rusiyanın əvəzedicisini tapıb. Ermənistanda sosial şəbəkələr və media Rusiyaya qarşı Qarabağı təhvil verməsi və müttəfiqini yarı yolda qoyması kimi ittihamlarla doludur. Bununla bağlı kifayət qədər rəsmi açıqlamalar da var.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT mexanizmlərinin işə salınacağına dair “tamamilə itmiş” ümiddən danışıb. Ermənistan parlamentinin sədri Alen Simonyan isə bəyan edib ki, KTMT-nin passivliyini anlamaq çətindir. Nikol Paşinyan artıq açıq şəkildə Rusiyanı silah tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edir. Bundan başqa, Hindistan mətbuatının məlumatına görə, Ermənistan bu ölkə ilə təxminən 270 milyon dollar dəyərində silah almaq üçün müqavilə imzalayıb.
Rusiyalı politoloq Aleksey Koçetkovun fikrincə, KTMT-nin Ermənistanla Azərbaycan arasındakı gərginliyə münasibətdə anlaşılmaz davranışının səbəbi İrəvanın siyasətidir. Ekspert hesab edir ki, KTMT rəhbərliyi Qərblə sıx əlaqələri olan Paşinyanı daha məsuliyyətli tərəfdaş hesab etmədiyi üçün Ermənistana birbaşa hərbi yardım göstərməkdən imtina edir.
“İttifaq Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda Türkiyə və Azərbaycanla açıq münaqişəyə başlamağı lazım görmür. Rusiya və onun müttəfiqlərinə indi ən az ehtiyacı olan şey Qafqazda ikinci cəbhənin açılmasıdır”, - Koçetkov bildirir. Ekspertin fikrincə, Paşinyanın son bir neçə aydakı xarici siyasəti Ermənistan üçün sadəcə olaraq intihardır.
Politoloq vurğulayıb ki, Rusiya ilə Qərb arasında kifayət qədər sərt qarşıdurma şəraitində İrəvan iki kresloda oturmağa çalışır.
Paşinyan dəfələrlə Fransa sülhməramlılarını bölgəyə gətirmək arzusunda olduğunu bildirib. O, hətta bir dəfə təsadüfən Putini “Fransa prezidenti” adlandırıb. Və bir çox erməni siyasətçiləri İrəvanla Bakı arasında son gərginliyin həllində ABŞ-ın əsas rol oynadığını vurğulayırlar”.
Məqalədə qeyd olunur ki, Pelosinin Ermənistana səfəri zamanı İrəvanda ona təşəkkür aksiyaları keçirilib:
“Eyni zamanda, aksiyalarda KTMT-dən çıxmağı tələb ediblər, eləcə də ictimai-siyasi dairələrin bəzi nümayəndələri Rusiya ilə müttəfiqlik münasibətlərini pozmaq üçün “Maydan” ssenarisini təkrarlamağa hazır olduqlarını deyiblər.
Ekspert Arman Qukasyan hesab edir ki, anti-Rusiya əhval-ruhiyyəsi dalğası Ermənistanın dövlətçiliyi üçün təhlükədir. Onun fikrincə, Qərb Ukraynadakı müharibədən istifadə edərək, Rusiyanı Emənistanda sıxışdırmağa çalışır.
"ABŞ-ın məqsədi Ermənistanın rifahı və təhlükəsizliyi deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır”, - Qukasyan bildirir”.