9 Mart 2023 13:09
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Azərbaycanla münasibətləri pisləşdirməmək üçün Ermənistana silah satmaq istəməyə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Leonid Nersisyan deyib.

Bununla belə, ekspert Tehranın Ermənistana silah satmasının mümkünlüyünə də diqqət çəkib:

“Ola bilsin ki, İran nəsə satmaq istəyir, amma bunun müqabilində daha dərin müttəfiqlik münasibətləri (Ermənistandan) istəyə bilər”.

Nersisyan qeyd edib ki, itkilər böyük olduğundan (44 günlük müharibədə) artilleriya Ermənistanın almalı olduğu ən vacib silah növlərindən biridir.

Ekspert Hindistanla Ermənistan arasındakı hərbi anlaşmalara da diqqət çəkib:

“Əgər Hindistanla müqavilə imzaladığımız doğrudursa, məsələni birinci mərhələdə bağlamaq olar. İstənilən halda bu, həm raket, həm də artilleriya baxımından irəliləyiş olacaq”.

Hindistan mətbuatı Ermənistanın Dehlidən MARG özüyeriyən haubitsaları alması ilə bağlı məlumat yayıb. Bundan əvvəl “Pinaka” yaylım atəşi sistemləri, tank əleyhinə komplekslər və digər silahlar haqqında da məlumatlar vardı.

Nersisyan Ermənistanın zenit müdafiə vasitələrinə ehtiyacının olduğunu da vurğulayıb:

“İndi bu sahədə keyfiyyətli məhsul əldə etmək çətindir, çünki Rusiya praktiki olaraq heç kimə heç nə vermir. Başqa ölkələrin analoqları var, amma vaxt lazımdır, tez almaq çox çətindir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər