“İrəvanda “Nemesis” abidəsinin ucaldılması barədə qərar yerli özünüidarə orqanı tərəfindən verilib, söhbət İrəvan bələdiyyəsindən gedir”.
Teleqraf.com xəbər verir ki. bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Qərar yerli özünüidarə orqanında verilib, istəmirəm ki, abidənin qoyulması Ermənistanın rəsmi xarici siyasətinin təzahürü və ya qonşuluqdan kənar addım kimi qəbul edilsin. Ermənistanda dövlətin xarici siyasətini baş nazir və xarici işlər naziri həyata keçirir”, - Simonyan vurğulayıb.
İrəvan Ağsaqqallar Şurasının üzvü Tehmina Vardanyanın sözlərinə görə, təşəbbüs kifayət qədər köhnədir, bunu “Nemesis” qisasçılarının (əslində terrorçularının – red.) ailə üzvləri və nəsilləri həyata keçirib.
“Şəhər meriyasında “Nemesis” abidəsinin qoyulmasını istəyənlərdən biri də mən olmuşam. Xarici İşlər Nazirliyi təxminən üç il əvvəl bu ideyanı rədd etdi. İndi Xarici İşlər Nazirliyi (rəhbəri Ararat Mirzoyan) razılıq verdiyi üçün təşəbbüs təsdiqləndi”, - Vardanyan söyləyib.
Bundan əvəl Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, hökumət “Nemesis” abidəsinin qoyulması ilə bağlı qərar qəbul etməyib və bu qərarın icrası da səhvdir.
Türkiyə “Nemesis” terrorçularına İrəvanda abidənin qoyulmasından sonra hava məkanını Ermənistan üçün bağlayıb. Bu gün isə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bədnam abidənin sökülməsi üçün Ermənistana xəbərdarlıq edib. Onun sözlərinə görə, Türkiyə tərəfi abidənin sökülməsi ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib, tələb yerinə yetirilməsə, Ermənistana qarşı yeni addımlar atacaq.
Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı Ermənistana etiraz edib.
“Nemesis” əməliyyatı “Daşnaksütyun” terror təşkilatının ötən əsrin əvvəllərində Azərbaycan və Osmanlıya qarşı keçirdiyi terror aksiyasıdır. O dönəmdə erməni terrorçular tərəfindən qətlə yetirilən şəxslərin arasında həm də Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri olub.