Keşiş Baqrat Qalstanyan və dəstəsi Rusiya məcburiyyəti üzündən küçələrdə qalmaqda davam edirlər.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Xristian-Demokrat” Partiyasının sədr müavini Hayk Sukiasyan deyib.
“Artıq varlıqları mənasızdır. Qarşılarına məqsəd qoymuşdular ki, 7-10 gün ərzində hakimiyyət dəyişikliyi edəcəklər, amma buna nail ola bilmədilər. Tükəniblər, yorulublar, yanlarda adam da qalmayıb. Evlərinə getmək üçün rəsmi bəhanələri olsaydı, gedərdilər. Qalstanyan əslində bunu istəyir, hətta təxribata da gedər ki, onu götürüb aparsınlar”, - siyasətçi qeyd edib.
Sukiasyan Qalstanyan və dəstəsinin Rusiya tərəfindən idarə olunduğunu qeyd edib: “Qarşısına qoyulan əsas məqsədə - hakimiyyəti devirməyə müvəffəq olmadı, bacarmadı və bacarmayacaq. Mən bu insanı görəndə ikrah hissi keçirirəm, əsəblərim pozulur”.
Siyasətçi Baqratın Baş nazir Nikol Paşinyan və komandasının ondan qorxması ilə bağlı iddiasını gülünc adlandırıb:
“Bu adam bitib, küçələrdə gəzən ruhudur. Yorulub, sıradan çıxıb. Təklif edirəm ki, geri dönsün, dağın başına qalxsın və Ermənistanın xilası üçün dua etsin. Onun Ermənistana xidməti bu olardı”.
Sukiasyanın sözlərinə görə, hərəkatın bir neçə gün ömrü qalıb, çünki tamamilə tükənib:
“Daha bir neçə gün davam edəcəklər, sonra dayanacaqlar. Çünki xalqdan dəstək yoxdur, atdığı hər addımda özünə nifrət qazandırır. Cəmiyyətdə ona qarşı güclü nifrət var. Güman edirəm ki, həddini aşsa, insanlar kilsəmizi eybəcərləşdirən, təhrif edən, gözdən saldığı üçün ondan qisas ala bilərlər”.