Ermənistan müxalifəti hakimiyyətə qarşı vahid komanda şəklində mübarizə apara bilmir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Abram Qasparyan deyib.
Ekspert Ermənistan müxalifəti daxilində ciddi parçalanmanın olduğunu bildirib.
Onun sözlərinə görə, keşiş Baqrat Qalstanyanın mayda başladığı itaətsizlik aksiyalarının uğursuzluğuna səbəb müxalifət birliyinin olmamasıdır:
“Bizdə kollektiv müxalifət yoxdur, müxalifət qrupları var, hər biri ayrı-ayrılıqda mübarizə aparır, onların birləşdiyi mərhələlər olub, amma hər birinin taktiki məsələlərə öz yanaşması var”.
Qasparyan müxalifətin məzmun və təşkilatlanma məsələlərində də problemlərinin olduğunu qeyd edib.
Politoloqun fikrincə, müxalif qüvvələrin Baş nazir Nikol Paşinyana alternativləri yoxdur:
“Altı ildir axtarışdadırlar, həmin adamı tapa biliblərmi? Bizə kosmos və Marsdan gətirilmiş, korrupsioner olmayan, amma dövlət idarəçiliyində təcrübəsi olan, tədbirli, zəngin, dünya görmüş, rüşvət içində boğulmayan bir baş nazir lazımdır. Düzünü desəm, mən də o adamı axtarıram”.