10 Sentyabr 11:04
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Revanşist “Vətən naminə Tavuş” hərəkatının nümayəndələri sentyabrın 8-də bəzi siyasi qüvvələrlə qapalı formatda görüşüblər. Hərəkat lideri, keşiş Baqrat Qalstanyan onlardan sentyabrın 22-də İrəvanda keçiriləcək böyük toplantıda iştiraklarını xahiş edib. O bildirib ki, həmin gün planlarını açıqlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Baqrat Nikol Paşinyan hökumətinə qarşı aktiv aksiyaların sentyabrın 23-dən başlayacağını açıqlayıb. Amma bunun dinc itaətsizlik aksiyaları, yoxsa başqa bir şey olduğunu deməyib.

Nəşr yazır ki, son toplantıda iştirak edən siyasətçilərin sıraları olduqca seyrək olub.

Revanşistlərin iki ay öncəki toplantısı da əlamətdar keçməyib. Baqrat siyasi şura və ya məşvərət orqanının yaradılmasını təklif etsə də, razılığa gəlinməyib. Siyasi qüvvələr keşişdən aydın fəaliyyət planını təqdim etməyi tələb edirlər. Qeyri-müəyyənlik siyasi qüvvələri Baqrat ətrafında birləşməyə imkan vermir. Təsadüfi deyil ki, son toplantıda da şuranı formalaşdırmaq mümkün olmayıb.

Sentyabrın 22-də keçiriləcək iclasda hər şeyə aydınlıq gələcəyi bildirilib.

Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın mayın əvvəlindən başlayan iki aylıq aksiyaları fiasko ilə bitmişdi. Hərəkat Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər