“Komsomolskaya pravda” qəzetinin portalında Azərbaycan politoloqu Mixail Zabelinin “Yerevanın mərkəzində Hitlerin sovet məhkəməsi tərəfindən məhkum edilmiş əlaltısının heykəli açılıb” sərlövhəli məqaləsi verilib
http://www.msk.kp.ru/daily/26546.4/3562280/
AZƏRTAC məqaləni təqdim edir.
Х Х Х
Mayın 28-də Rusiyada Sərhədçi günü qeyd edilib. Bu bayram həm Moskvada, həm də uzaq zastavalarda, o cümlədən xarici sərhədləri Rusiyanın “yaşıl furajkalı” hərbi qulluqçuları tərəfindən qorunan MDB ölkələrinin sərhədlərində təntənəli şəkildə qeyd olunub. Həmin ölkələr sırasına Ermənistan da daxildir – onun İran və Türkiyə ilə sərhədlərini indiyə qədər rusiyalı sərhədçilər qoruyur.
Ermənistanın özündə isə həmin gün ... Hitlerin əlaltısı, hərbi cani, sovet məhkəməsi tərəfindən məhkum olunmuş Qaregin Njdenin heykəlinin açılışı olub.
Qaregin Njde (əsl adı Qaregin Ter-Arutyunyan) 1886-cı ilin yanvar ayında Naxçıvanda (Azərbaycan - red.) anadan olub. O, hələ XX əsrin əvvəlində “inqilabi terror”a sevgisi ilə fərqlənirdi. Sonra “erməni milli ordusu” yaratmaqla məşğul olub, Vedibasarda və doğulduğu Naxçıvanda azərbaycanlılara qarşı amansız etnik təmizləmələr həyata keçirməsi ilə məşhurlaşıb. 1921-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulanda Qaregin Njde Avropaya köçüb, orada artıq otuzuncu illərdə faşizm ideyaları ilə ciddi maraqlanıb və xaricdə yaşayan ermənilər arasında “Seqakron” adlı faşist təşkilatı yaradıb. 1942-ci ildə Qaregin Njde şəxsən Berlinə gedib, orada Fürerə ehtiramını bildirib və bundan sonra general Drastamat Kanayan (Dro) ilə birlikdə “Erməni SS legionu” yaratmağa başlayıb, bu legionun komandirinin müavini vəzifəsini tutub. Onun başçılığı ilə on minlərlə insan məhv edilib.
Ola bilsin ki, bəzi oxucular bu məqamda fikirləşəcəklər: müəllif ağ eləmir ki? Lakin bu cür nəticələr çıxarmazdan əvvəl gəlin faktlarla danışaq. Faktlar isə inandırıcı şəkildə göstərir: Njde hitlerçilərlə əməkdaşlıq edirdi, açıq-aşkar və çox fəal şəkildə.
Dronun və Njdenin başçılığı ilə erməni SS-çilər tərəfindən törədilmiş qanlı cinayətlər barədə bu gün də arxivlərdə çoxlu məlumat var. Onlar partizanlara qarşı əməliyyatlar keçirib, yəhudiləri və qaraçıları məhv ediblər. 809-cu erməni piyada batalyonu Ukraynada və Polşada o qədər fəallıq göstərib ki, Vermaxtın Ukraynadakı komandanı Gitsinger və Şərq hissələrinin komandanı general-mayor İgen bu batalyonu tərifləyib. Erməni SS batalyonunun tərkibinə daxil olan “Dromedar” zonderkomandası Şimali Qafqaz cəbhəsi qoşunlarının arxasında kəşfiyyat-təxribat tədbirləri həyata keçirir, fürsət düşdükcə “untermenş”ləri məhv edirdi. Bir sözlə, Qaregin Njdenin hitlerçi hakimiyyətlə münasibətləri Banderanın və Şuxeviçin münasibətlərindən daha yaxın olub. Sözün qısası, bu hadisələrin miqyası “erməni-azərbaycanlı münasibətləri”nin çərçivəsindən kənara çıxır.
Gəlin “erməni işinə xidmət nümunəsi” olan Njdenin bioqrafiyasına qayıdaq. Qaregin Njde artıq 1944-cü ildə başa düşür ki, cəbhədə Fürerin işləri şuluqdur. O, Bolqarıstana qaçır, orada onu həbs edib Sovet komandanlığına təhvil verirlər. Sovet məhkəməsi Njdeni 25 il həbs cəzasına məhkum edib. O, 1955-ci ildə Vladimir mərkəzi həbsxanasında ölüb.
Məhkum edilmiş bu hərbi caninin adı bu gün Ermənistanda əməlli-başlı pərəstiş obyektinə çevrilib. Hitlerin əlaltısının şərəfinə xatirə sikkələri zərb edilir. Ermənistanın hakim respublikaçılar partiyasının proqramında açıq-aydın deyilir: “Tanrının adı ilə erməni xalqının dərindən dərk edilmiş ali məqsədi vətəndə əbədi olmaq, öz həyat qabiliyyətini, yaradıcılıq dühasını və azad iradəsini bərqərar etməkdir. Bu hədəfin reallaşdırılmasının təminatı erməni milli ideologiyasıdır. Ermənistan respublikaçılar partiyasının qəti inamına görə Qaregin Njdenin təlimi bu ideologiyada mühüm yer tutur”. Yerevanda bir meydana Qaregin Njdenin adı verilib. Lakin Rusiyanın rəsmi strukturları, o cümlədən RF-nin Ermənistandakı səfirliyi susublar və yenə susurlar. Rusiya kino ulduzlarının iştirakı ilə Njde haqqında “bioqrafik film” çəkilişlərinə heç bir rəsmi münasibət bildirilmədi. Bu rəsmi sükut erməni diasporunda “Njdenin davamçıları”nı o qədər ruhlandırdı ki, bir neçə il bundan əvvəl ona ... Rusiya ərazisində heykəl qoymağa cəhd göstərdilər. Bu heykəl Njdenin son günlərini yaşadığı Vladimir mərkəzi həbsxanasında qoyulmalı idi, lakin ictimaiyyətin və Böyük Vətən müharibəsi veteranlarının etirazları sayəsində bu niyyət baş tutmadı.
Lakin Rusiyada baş tutmayan məsələni Ermənistanda uğurla reallaşdırmaq olarmış. Yerevanın lap mərkəzində, hökumət binalarının yanında Qaregin Njdenin dəbdəbəli heykəli açılıb.
Hitlerin əlaltılarına nəinki bəraət verilməsi, hətta onların qəhrəmanlar kimi təqdim edilməsi baxımından bundan daha əyani nümunə təsəvvür etmək olarmı?!
Ən kədərlisi odur ki, bu heykəl Rusiyanın müttəfiqi sayılan və ondan çoxsaylı preferensiyalar alan ölkədə rusofobiyanın artmasının heç də yeganə nümunəsi deyil.
2015-ci ilin dekabrında Moskvada “Avrasiya” Strateji Araşdırmalar İnstitutunun eksperti Tatyana Borzovanın mətbuat konfransı keçirilib. Bu tədbir postsovet məkanı ölkələrində rusdilli vətəndaşların vəziyyətinə dair araşdırmanın təqdimatına həsr edilmişdi. Orada sözün həqiqi mənasında şok məlumatlar səsləndi: məlum oldu ki, Rusiyanın müttəfiqi sayılan Ermənistanda rusdilli vətəndaşların vəziyyəti Baltikyanı ölkələrdəkindən də pisdir.
Borzova həqiqətən fundamental bir araşdırmanın nəticələrini təqdim etdi. Buraya qanunvericiliyin tədqiqi, sosioloji sorğular, rus dilində təhsil məsələsinin öyrənilməsi daxil idi... Tədqiqatın müəllifləri yazırdılar: “Hazırda keçmiş SSRİ ərazisində rusdilli əhaliyə aid edilən və yaşadıqları ölkələrdə milli azlıqlar sayılan 25 milyondan çox vətəndaş yaşayır. Aşkardır ki, hər hansı başqa xalq kimi rus xalqı da onun mənafelərinin sıxışdırıldığı, özünü məzlum vəziyyətdə hiss edən ölkədə yaşamayacaq və imkan daxilində həmin ölkəni tərk etmək üçün yollar axtaracaq”.
Məlum oldu ki, Rusiyanın müttəfiqi sayılan Ermənistan ölkəni tərk etmiş rusdilli sakinlərə münasibətdə postsovet məkanında birinci yeri tutur. “İnterfaks” agentliyinin mərkəzi ofisində keçirilən mətbuat konfransında bu məlumatı “Avrasiya” Strateji Araşdırmalar İnstitutunun eksperti Tatyana Borzova təqdim edib.
O deyib: “Biz son 12 il üçün sosioloji məlumatları araşdırmışıq. Bizi ən çox heyrətləndirən Ermənistandakı vəziyyət oldu. Ermənistan mühacirlərin ümumi sayında ölkəni tərk etmiş rusdilli sakinlərin nisbətinə görə birinci yeri tutur – 64 faiz. İkinci yerdə Qazaxıstan (54 faiz), sonrakı yerləri Moldova və Dnestryanı bölgə (50 faiz) tutur”.
Məlum olub ki, rusların və rusdilli əhalinin ən az sayda yaşadığı ölkə məhz Ermənistandır. Ermənistan praktiki olaraq monoetnik ölkədir. Araşdırmanın formulası çox həyəcan doğuran vəziyyət yarandığını göstərir. Ermənistan Respublikasında təhsilin başqa dillərdə aparıldığı məktəblərin mövcud olmasına, ümumiyyətlə, icazə verilmir. Erməni dilindən fərqli dildə heç olmasa ibtidai təhsilə icazə verilməsi cəhdi Ermənistanda narazılığın artmasına səbəb olub.
“Modus Bivendi” mərkəzinin rəhbəri Ara Papyan deyib: “Məgər aydın deyilmi ki, Puşkinin nağıllarının təsiri altında böyümüş uşaq və Tumanyanın nağıllarının təsiri altında böyümüş uşaq tamamilə müxtəlif ermənilərdir?” Ermənistanda 1410 orta ümumtəhsil məktəbindən yalnız biri dövlət rus məktəbidir.
Lori vilayətindəki Fiolotevo kəndində yerləşən bu məktəbin110-dan çox yaşı var. Bu məktəbin şagirdləri RF-nin Ermənistandakı səfirliyi tərəfindən verilən Rusiya dərslikləri ilə təchiz olunur.
Bundan əlavə, 39 özəl məktəbin yalnız ikisi tamamilə rus dilində işləyir, qalan məktəblərdə birinci sinifdən 11-ci sinfə qədər təhsilin rus dilində olduğu siniflər var. Rus siniflərinə uşaqların seçilməsi Ermənistan Təhsil Nazirliyində aparılır. Uşağın rus dilində oxuya bilməsi üçün onun valideynlərindən biri etnik erməni olmamalıdır.
Bir müddətdən sonra həmin uşaqlar təhsilin erməni dilində olduğu siniflərə keçirilir. Əgər rus siniflərinin məzunları məktəbi bitirəndən sonra universitet təhsili almaq istəyirsə, onlar təhsilin erməni dilində olduğu dövlət və özəl ali məktəblərə daxil ola bilərlər. Bu ali məktəblərə qəbul imtahanlarını da erməni dilində vermək lazımdır. Hərçənd, Yerevanda Rusiya-Ermənistan Universiteti var. Ermənistanda yeganə olan bu dövlət ali məktəbində tədris rus dilində aparılır, lakin orada ixtisaslar çox məhduddur.
Araşdırmanın müəllifləri başqa bir faktı da qeyd ediblər. Onların sözlərinə görə, “Ermənistan layihə iştirakçılarının siyahısında yeganə ölkədir ki, Rusiya Federasiyası dövlət hakimiyyətinin nümayəndələri və Avropa Şurası araşdırmanın mövzusu ilə əlaqədar vəziyyətdən narazı olduqlarını açıq bildirirlər.
Avropa Şurası Ermənistana tövsiyə edir ki, milli və dini zəmində dözümsüzlük təzahürlərinə qarşı daha qətiyyətli mübarizə tədbirləri görsün”.
Öz tərəfimizdən əlavə edək: Rusiyanı çox sevdiyini güman etmək çətin olan “Amerikanın səsi” (!) deyib: “Ermənistanda rus dilinin statusu məsələsi əvvəllər də qaldırılıb. Mübahisələr hələ 2010-cu ildə yaranıb. O vaxt Ermənistan Təhsil Nazirliyinin təqdim etdiyi qanun layihəsində ölkədə təlimin xarici dillərdə olduğu məktəblər açılması nəzərdə tutulurdu. Təhsil və elm naziri Armen Aşotyanın sözlərinə görə, bu qanun çərçivəsində cəmi iki xarici məktəb açılıb və onların hər ikisində təhsil ingilis dilindədir”.
Əlbəttə, burada artıq neçənci dəfə xatırlamaq olar ki, Ermənistan prezidenti vəzifəsində Serj Sarkisyanın sələfi olmuş Robert Koçaryan ruslar barədə çox etinasızlıqla danışırdı. Aleksandr Proxanov özünün “Odlu yollar” kitabında bu barədə yazır: “1998-2008-ci illərdə Ermənistanı idarə edən Robert Koçaryan özünün “Jiqulisində” məni öz “Krunk” cəmiyyətinin gizli qərargahlarına aparan Robik idi (80-ci illərdə “Krunk” Dağlıq Qarabağda bu muxtar vilayətin Ermənistanla birləşməsi uğrunda çıxış edirdi – red). O vaxtkı söhbətimizdə bir məsələ məni hədsiz heyrətləndirdi və həmişəlik yadımda qalıb. Biz, ümumiyyətlə, imperiya barədə, millətin problemləri, Rusiya, ruslar və ermənilər barədə danışırdıq. Robik dedi: “Siz mənimlə razılaşarsınız ki, bax siz, ruslar yalnız ağır sənaye sahələrində, metallurgiyada işləyə bilərsiniz, məsələn, hansısa ağır maşınlar düzəldə bilərsiniz, amma biz ermənilər daha incə, yüksək peşə adamlarıyıq, daha yüksək intellektə, kosmik ziyaya malik insanlarıq...”.
İndi isə Ermənistanda Rusiyanın səfirliyi qarşısında mitinqlər keçirilir. Mitinq iştirakçıları əllərində RF XİN başçısı Lavrovun ünvanına təhqiramiz sözlər yazılmış plakatlar tutur, Moskvanı Ermənistana xəyanət etməkdə təqsirləndirirlər, “Rusiya agentləri” axtarmağa başlayıblar. İndi isə məhkum edilmiş hərbi caniyə - Hitlerin əlaltısına heykəlin təntənəli açılışı olub. Özü də Ermənistanın paytaxtının lap mərkəzində.
YERİ GƏLMİŞKƏN
Moskva Yerevanın bu addımını rəsmən pisləyib. Moskva Yerevanda Vermaxtın erməni legionunu yaradanlardan birinə - general Qaregin Njdeyə heykəl qoyulmasından heyrətlənib. Bu barədə RİA “Novosti” RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat verib. İnformasiya agentliyi XİN-in rəsmi nümayəndəsinin aşağıdakı sözlərini sitat gətirib: “Böyük Vətən müharibəsinə bizim münasibətimizi hamı çox gözəl bilir. Nasizmin, Neonasizmin, ekstremizmin hər hansı təzahürlərinin dirçəldilməsinin, bunun qəhrəmanlıq kimi qələmə verilməsinin hər hansı formalarına bizim münasibətimizi də hamı yaxşı bilir. Bu münasibət beynəlxalq sənədlərdə təsbit olunub. Göstərilən heykəlin nə üçün qoyulması bizə aydın deyil. Axı biz hamımız erməni xalqının qəhrəmanlığını bilirik. Erməni xalqı Böyük Vətən müharibəsi, İkinci Dünya müharibəsi dövründə unudulmaz igidliklər göstərib”. Zaxarova daha sonra əlavə edib ki, Moskva üçün “Böyük Vətən müharibəsi barədə tarixi həqiqətin qorunub saxlanması məsələsinə dair Yerevanın rəsmi mövqeyinin əsas indikatoru bizim hamımız üçün ümumi Qələbə gününə, 9 may bayramına münasibətdir”.
Zaxarova deyib: “Ermənistan BMT Baş Məclisinin məlum qətnaməsinin müəlliflərindən biridir. Bu qətnamənin adı belədir: “Nasizmin, neonasizmin və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onunla əlaqədar dözümsüzlüyün eskalasiyasına şərait yaradan praktikanın digər növlərinə qarşı mübarizə”. Yeri gəlmişkən, həmin qətnamədə “...nasist hərəkatının istənilən formada, o cümlədən heykəllər və memoriallar ucaldılması yolu ilə şərəfləndirilməsi” pislənilir.
Amma indiki halda bunu anlamaq olmur. Xatırladaq ki, Njdenin heykəli şəxsi təşəbbüs çərçivəsində kiminsə həyətində deyil, paytaxt Yerevanın mərkəzi meydanlarının birində, yüksək kabinetlərin pəncərələrindən baxanda birbaşa görünən yerdə qoyulub. Sadə dildə desək, Ermənistanın iki mövqeyi varmış: biri Rusiya üçün, bu halda Zaxarovanın dediyi BMT-nin “antinasist” qətnaməsi dəstəklənir, digəri isə “özününkülər üçün”. Bu halda nasist Njde milli qəhrəman elan edilir, partiyanın proqramında onun ideyalarına sadiq qalacaqlarına and içirlər, onun şərəfinə sikkələr zərb edilir, medallar təsis olunur. İndi isə heykəl də açılır.