"Azərbaycan həm Rusiya, həm də Türkiyə ilə olduqca yaxşı münasibətlər qura bilib. Bu ikitərəfli münasibətlərin üç ölkə arasında əlaqələrin inkişafı və Rusiya-Azərbaycan-Türkiyə üçlüyünün yaradılması üçün yaxşı zəmin olacağı perspektivləri göz qarşısındadır. Biz Azərbaycan Prezidenti İlham Əliyevin hamımızın müşahidə etdiyimiz diplomatik bacarığının daha bir parlaq nümunəsinin şahidi olacağıq".
Bu fikirləri Rusiyanın TASS agentliyində Prezident Vladimir Putinin Bakıya səfəri ilə əlaqədar keçirilmiş mətbuat konfransında Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov səsləndirib.
O deyib ki, Azərbaycan, İran və Türkiyə arasına iqtisadi əməkdaşlığın müxtəlif müstəvilərdə, o cümlədən Avrasiya İttifaqı, yaxud digər bu kimi təşkilatlar çərçivəsində gücləndirilməsi perspektivləri genişdir. Türkiyədə orta və kiçik biznes yaxşı inkişaf edib. Türkiyə şirkətlərinin ümumi Avrasiya bazarına qoşulması müsbət nəticələr verə bilər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən danışan politoloq qeyd edib ki, bu münaqişənin nizamlanmasında Rusiya aparıcı rol oynayır. Bu, bir çox səbəblərlə bağlıdır. Əvvəla, Minsk qrupunun digər üzvləri ABŞ və Fransadan fərqli olaraq, Rusiyanın Azərbaycan və Ermənistan ilə əlaqələri daha sıxdır. İkincisi, Rusiya Qafqaz regionunda sülhün bərqərar olunmasında, region ölkələri arasında iqtisadi əməkdaşlığın inkişaf etməsində çox maraqlıdır. (“Azərtac”)