“Moskva və Pekin bizim alyansımıza (NATO nəzərdə tutulur-S.HƏMİD) dünyanın hər yerində həsəd aparırlar. Ona görə ki, onların buna qarşı qoymağa heç nələri yoxdur. Və əgər biz bu güc mənbəyini məhv edəcək insanı prezident seçsək onlar xoşbəxt olacaqlar. Əgər Tramp qalib gəlsə, Kremldə bayram olacaq, biz bunun baş tutmasına imkan verməməliyik. Biz Trampın NATO-dan çıxmaq, İsrailin təhlükəsizliyi məsələsində neytral qalmaq bəyanatına, yaxud meksikalı immiqrantları təhqir etməsinə əhəmiyyətsiz yanaşmamalıyıq”. Bunu iyunun ilk günlərində Kaliforniyada seçkiqabağı mitinqlərin birində Demokratlar Partiyasının ABŞ prezidentliyinə namizədi Hillari Klinton bildirmişdi.
Donald Tramp artıq ABŞ prezidentidir. Onun seçki kampaniyasında Rusiyanın rol oynaması, daha doğrusu rəqibi H.Klintonun seçki qərargahına kiberhücumların təşkil edilməsi seçkiqabağı dövrdə tez-tez gündəmə gəlirdi. Bəs, Rusiyanın ABŞ-dakı seçkilərdə hər hansı formada rol oynadığını iddia etmək nə qədər doğrudur?
Bu sualla müraciət etdiyimiz politoloq Qabil Hüseynli bildirib ki, H.Klintonun məğlub olmasında bir sıra amillər rol oynayıb. Onun sözlərinə görə, bu amillər içərisində ABŞ Federal Təhqiqatlar Bürosunun seçkiyə iki gün qalmış yaydığı guya xanım Klintonun internetdən düzgün istifadə edə bilməməsi, öz şəxsi internet yazışmaları ilə məxfi məlumatların göndərilməsini nəzərdə tutan interneti qarışıq salması kimi xəbərlər də rol oynadı: “Amma məncə ən ciddi işi Rusiya gördü. Rusiya ilk gündən Klintonun seçkini uduzması üçün müəyyən pullar sərf elədi. Əhalinin, seçki ilə məşğul olan şəxslərin ələ alınması ilə məşğul oldu. Amma Rusiyanın deyilənə görə Çinin də iştirakı ilə gördüyü ən ciddi iş kiberhücumlarla Klintonun seçki qərargahının normal internetlə təmin edilməsinə maneçilik törətmək oldu. Ştatlarla əlaqə saxlanılmasına, seçki ilə bağlı məlumatların vaxtında ötürülməsinə ciddi əngəllər yaradıldı. Bundan başqa hətta seçkilərlə bağlı müəyyən məlumatların oğurlanması və bunun mətbuata ötürülməsi istiqamətində də Rusiyanın kiberhücumlarının böyük rolu oldu. Belə demək mümkündürsə Rusiya bir yandan Trampı müdafiə etdi, digər tərəfdən isə Klintona qarşı fəaliyyət göstərdi. Bu işdə Amerikada çox güclü təsirləri olan rus mafiyası ciddi rol oynadı. Necə ki, Gürcüstanda kriminal elementlər Bidzina İvanaşvilini baş seçdilər, indi də onun “Gürcü arzusu” blokuna dəstək verirlər, eləcə də Amerikada dünyanın ən güclü mafiya qruplarından olan rus mafiyası tamamilə Trampa lazım olan məsələlərdə köməklik göstərirdi. Eləcə də orada olan müxtəlif ölkələrin, məsələn Kolumbiya, Venesuela kimi ölkələrdən olan mafiya və qruplarla Trampın xeyrinə təbliğat aparırdılar. Yeri gələndə vəsait xərcləməkdən belə çəkinmirdilər. Zənnimcə, Trampın qələbəsində və xanım Klintona qarşı aparılan əks-təbliğatda Rusiya dövləti, Rusiya dövlətinin qeyri-rəsmi strukturları Amerikada yaşayan ruslar və onları təmsil edən mafiozlaşmış qruplaşmalar çox önəmli rol oynadı. Onlar seçkinin nəticələrinə təsir edə biləcək işlər gördülər”.
Bəs, Rusiya-ABŞ münasibətləri bundan sonra necə inkişaf edəcək? Bu sualı da cavablandıran Q.Hüseynli onun V.Putinlə dil tapa bilməyəcəyi qənaətindədir: “Amerika prezident tərəfindən təkbaşına idarə edilmir ki... Amerikada ciddi “dərin dövlət” var. Bu “dərin dövlət” Pentaqonun, Mərkəzi Kəşfiyyat İdarəsinin, Federal Təhqiqatlar Bürosunun və buna bənzər digər hərbi və yarımhərbi qurumların simasında özünü təzahür etdirir. Əlbəttə, Senatı və Konqresi də siyahıdan silmək olmaz. Baxmayaraq ki, həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq respublikaçıların əlindədir. Amma onların hamısı Amerikanın maraqlarını hər şeydən üstün tuturlar və bu maraqlara ziddi addımlar atıldıqda onlar Trampı, əlbəttə tormozlamağı bacaracaqlar. Əgər Senatla Nümayəndələr Palatası Trampın qeyri-adekvat addımlarını tormozlamaq niyyətinə düşsə bu, prezident üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. Mən güman etmirəm ki, ABŞ Trampın simasında Putinlə barışa bilər. ABŞ-la Rusiya arasındakı ziddiyyətlər artıq antaqonist ziddiyyətlərə çevrilib. Rusiya öz qabığından çıxıb, dünyaya meydan oxuyur. Bu da dünyanın bir nömrəli dövləti olan ABŞ-ın həm strateji maraqlarına, həm də müttəfiqlərinin maraqlarına ciddi təhlükə törətmək deməkdir. Bu nöqteyi-nəzərdən Tramp cızığından çıxarsa onun haqqında hər cür tədbirlər görülə bilər. İmpiçment də gündəmə gələ bilər, başqa sürprizləri sadalamaq istəmirəm. Tramp ABŞ-ın ənənəvi, oturuşmuş siyasi xəttindən uzaqlaşmaq istəsə onu dərhal yerində oturdarlar”.
Səxavət HƏMİD