Bu ilin 9 ayı ərzində respublikada 1 672 556 nəfəri tibbi müayinədən keçib.
Teleqraf.com xəbər verir ki, bunu respublikanın baş pediatrı Nəsib Quliyev jurnalistlərə açıqlamasında deyib.
Nəsib Quliyev qeyd edib ki, onlardan 87 288 nəfəri (5,2 %) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb: “Sağlamlığında müxtəlif problemlər aşkarlanan 227 955 nəfər (13,6 %) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9%) hospitalizasiya olunub, 4 569 nəfəri isə sanator müalicəyə göndərilib”.
Baş pediatrın sözlərinə görə, tibbi müayinədən keçən uşaqlar arasında daha çox tənəffüs üzvlərinin xəstəlikləri və qurd invaziyaları (helmintoz) geniş qeydə alınır: “ Digər somatik yoluxucu xəstəliklər də müşahidə olunur. Bu xəstəlik əsasən məktəbəqədər önü və məkətəbyaşlı uşaqlar arasında özünü büruzə verir. Qurda yoluxma halı ən çox məktəbəqədər yaş dövründə rast gəlinir. Çünki həmin yaşda olan uşaqlar hərəkətdə daha çox olur. Buna görə də gigiyenik tələblərə riayət edilmir. Lakin tənəffüs üzvlərinin xəstəlikləri kiçikyaşlı uşaqlarda daha tez-tez rast gəlinir. Bu da uşaq orqanizminin anotomik fizioloji xüsusiyyətləri ilə izah olunur”.
Baş pediatr qeyd edib ki, hazırda Azərbaycanda 18 yaşadək uşaqların sayı 2 588 959 nəfərdir və Azərbaycanda uşaqlar 2014-cü ildən etibarən icbari dispanzerizasiyaya cəlb edilir.
İlhamə ƏBÜLFƏT