4 Fevral 2017 16:55
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi yüksək peşəkarlıq göstərərək ictimaiyyətin maraq dairəsində olan, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin keyfiyyətli istintaqını aparıb və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını təmin edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə bu gün keçirilən prokurorluq orqanları tərəfindən 2016-cı ildə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında bildirilib.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun layiqli davamçısı Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində dünyada baş verən iqtisadi böhrana baxmayaraq 2016-cı ildə Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilib, iqtisadi sabitlik təmin edilib və aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar ölkənin gələcək inkişafı üçün perspektivlər açıb.

Diqqətə çatdırılıb ki, 2016-cı il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. Daxili işlər, ədliyyə, məhkəmə və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.

Hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Daxili İşlər Nazirliyinin əməliyyat qurumları ilə həyata keçirilən birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətlərindən 172 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 96,6 % (2015-ci ildə 95,5 %) təşkil edib.

Əlaqədar dövlət təsisatları tərəfindən cinayətkarlıq və onun mütəşəkkil təzahürlərinə qarşı mübarizə ilə bağlı həyata keçirilmiş qabaqlayıcı profilaktiki tədbirlərin nəticəsidir ki, 2016-cı ildə qeydə alınmış ağır və xüsusilə ağır, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, quldurluq, soyğunçuluq, odlu silahla törədilən, ictimai yerlərdə baş verən və sair cinayətlərin sayı 2015-ci illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Yol nəqliyyat hadisələri 9,6 %, qəzalarda ölənlərin sayı 15,1 %, yaralananların sayı isə 11,6 % azalıb.

Qeyd olunub ki, qanunsuz fəaliyyət göstərən radikal dini ekstremist qüvvələrin, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Cinayətkarlığa qarşı mübarizə sahəsində müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılmaqla, bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Hesabat dövründə ümummilli lider Heydər Əliyevin ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi “28 May-Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli Qərarın vaxtında icrasını təmin etmək məqsədilə Baş Prokurorluq tərəfindən zəruri işlər görülmüş, qərarın qüvvəyə mindiyi gündən 4 ay müddətində ümumilikdə 10.931 məhkum barəsində amnistiya aktı tətbiq edilmişdir.

Azərbaycan Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə böyük məsuliyyət qoyulmuşdur.

BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının, eləcə də Avropa Şurası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) korrupsiya əleyhinə Konvensiyasının implementasiyası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları 12 ölkədə antikorrupsiya qanunvericiliyinin vəziyyəti və tətbiqi ilə bağlı keçirilən monitorinqlərdə ekspert qismində iştirak edib və cari ildə daha 4 ölkədə iştirakları nəzərdə tutulub.

Müşavirədə prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səmərəliliyin artırılması məqsədilə zəruri tədbirlərin görülməsinin intensivləşdirilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının bütövlükdə prokurorluq orqanları tərəfindən istifadəsinin təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası prokurorluğunun və ərazi hərbi prokurorluqlarının vahid şəbəkəyə qoşulması, beynəlxalq təcrübə nəzərə alınmaqla həmin proqramların funksional imkanlarının və tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi, eyni zamanda bu proqramların yerlərdə prokurorluq əməkdaşları tərəfindən istifadəsinin nəzarətdə saxlanılması barədə müvafiq tapşırıqlar verilib.

Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb. Hesabat dövründə respublikamızın 11 rayonunda keçirilmiş qəbullarda Baş Prokurorluğun rəhbərliyi tərəfindən 325 vətəndaş qəbul edilib.

2016-cı ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 58 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 9 əməkdaş prokurorluq orqanlarından xaric olunub. Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan, bundan sonra da neqativ təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.

Hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində kəsərli istintaq-əməliyyat tədbirlərinın görülməsinə baxmayaraq, 6 qəsdən adam öldürmə cinayətlərinin, o cümlədən, Bakı şəhərinin Sabunçu rayonunda 2, Gəncə şəhər, Daşkəsən, Gədəbəy və Bərdə rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara tapşırılıb ki, 2016-cı ildə və əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi təmin edilsin.

Kollegiya iclasında xüsusi vurğulanıb ki, ordu quruculuğu məsələlərinə dövlət səviyyəsində ən yüksək diqqət yetirilməsi, müdafiə sənayesi potensialının yaradılması və bu məsələlərə ayrılan büdcə vəsaitlərinin ilbəil artırılması mübariz Silahlı Qüvvələrin formalaşdırılması ilə nəticələnib.

Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin müasirləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub, Müdafiə Nazirliyi ilə qarşılıqlı əlaqədə görülmüş işlərin nəticəsi olaraq, bəzi hərbi cinayətlərin, o cümlədən qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik cinayətlərinin sayının əhəmiyyətli dərəcədə azalmasına, hərbi prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin 99,1 faizinin açılmasına, rüşvətxorluq və korrupsiya faktları üzrə cinayət işlərinin yüksək peşəkarlıq səviyyəsində istintaq edilərək təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsinə, erməni təcavüzkarları tərəfindən törədilmiş soyqırım və digər ağır cinayətlərin araşdırılması istiqamətində məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə nail olunub.

Baş prokurorun müavini-Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavini Namiq Əsgərov, Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Gəncə şəhər prokuroru Fazil Həsənəliyev və Füzuli rayon prokuroru Ramazan Hadıyevin çıxışlarında 2016-cı il ərzində cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülüb.


Müəllif:

Oxşar xəbərlər