13 Mart 2017 17:42
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Novruz İsmayıl oğlu Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Teleqraf.com xəbər verir ki, Novruz Məmmədov Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, birinci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir N.Məmmədov 15 mart 1947-ci ildə Naxçıvan Muxtar Respublikasıının Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirərək Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib və institutda müəllim vəzifəsində işləməyə saxlanılıb.

1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləyib.

1991-ci ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
1992-1993-cü illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültəsinin dekanı vəzifəsində işləyib.

1995-1997-ci illərdə Azərbaycan Prezidentinin fransız dili üzrə tərcüməçisi olub və dəfələrlə onu Fransaya, Avropa Şurasına səfərlərdə müşayiət edib.

1997-ci ilin aprel ayından Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri, 2012-ci ilin noyabr ayından isə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavinidir. Birinci dərəcəli dövlət müşaviridir.

N.Məmmədov bundan öncə 1998-ci ildə Fransa prezidenti Jak Şirak tərəfindən Fransanın “Fəxri Legion” ordeni ilə təltif olunub. 2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə fövqəladə və səlahiyyətli səfir rütbəsi alıb. 2007-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. 2009-cu ildə Polşa prezidenti Lex Kaçinskinin sərəncamı ilə Polşanın “Fəxri Legion” ordeni ilə təltif olunub.

N.Məmmədov 50-dən artıq elmi, siyasi məqalə və bir neçə kitabın, o cümlədən siyasi və ictimai-siyasi mövzuya həsr olunmuş çoxsaylı məqalənin müəllifidir. 2013-cü ildə onun rəhbərliyi və baş redaktorluğu ilə “Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər” və “Кто прав тот и сильнее?” (rus dilində) kitabları işıq üzü görüb.

N.Məmmədov iki cildlik “Geosiyasətə giriş”, “Xarici siyasətin Azərbaycan modeli” və “Xarici siyasət: Reallıqlar və gələcəyə baxış” kitablarının müəllifidir.

Martın 15-də 70 illik yubileyini qeyd edəcək N.Məmmədov filmoqrafiya sahəsində də özünü sınayıb. O, “Fransız”, “Xilaskar” (II və III filmlər), “Mariya”, “Mənə inanın!”, “Uğur formulu” və “Yeraltı və yerüstü xəzinə” kimi filmlərdə çəkilib.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər