Bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb külək əsir.
Bununla bağlı ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu xəbərdarlıq edib. Lakin sosial şəbəkələrdə dənizdə çalışan neftçilərin yaxınları iddia edirlər ki, bəzi neftçilər hələ də təxliyə olunmayıb.
Məsələ ilə bağlı "Azneft" İstehsalat Birliyindən Teleqraf.com-a açıqlama verilib.
Bildirilib ki, hazırda dənizdə dalğalı hava şəraiti ilə əlaqədar olaraq heç bir gəmi hərəkət etmir: “Buna görə də, dəniz limanlarında neftçilərin gözləməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hava sərnişin daşıması isə helikopter vasitəsilə həyata keçirilir.
Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan güclü külək hava sərnişin daşıma işinə maneçilik törətməyib. Bugün üçün günortaya kimi 2, günortadan sonra isə, hava şəraitinə uyğun olaraq 1 helikopter reysi ilə “28 May” NQÇİ-nin dəniz obyektlərinə işçilərin növbə dəyişməsi planlaşdırılır”.
Məlumatda deyilir ki, küləkli havada helikopterlərin hərəkəti ilə bağlı narahatçılığa əsas yoxdur: “Çünki helikopter xidməti göstərən müvafiq təşkilat, helikopter hərətəkinin hava şəraitinə uyğun olub-olmadığını araşdırır və müvafiq qərar verir.
Yəni, hazırda helikopterlərin hərəkəti ilə bağlı narahatçılığa heç bir əsas yoxdur. Bugün işçilərin təhlükəsizliyi təmin olunması şərti ilə məhdud sayda növbə dəyişməsi həyata keçiriləcək”.
İlhamə ƏBÜLFƏT