12 Aprel 2017 16:18
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 2 aprel ümumdünya autizm gününə həsr olunmuş “II Azərbaycan Autizm Paneli” adlı tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən direktor professor Hüseyn Qabulov belə tədbirlərə universitet klinikası olaraq ev sahibliyi etmələrindən məmnun olduqlarını bildirib.

Daha sonra ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov rektor Gəray Gəraybəylinin adından iştirakçıları salamlayaraq, onlara uğurlar arzu edib.

Rauf Bəylərov çıxışında dünyada və eləcə də Azərbaycanda autizmli uşaqların sayının artdığını bildirib:
“Autizm inspektor pozulmaları uşaq yaşı neyroinkişaf pozulmaları arasında əhəmiyyətli yer tutur. BMT-nin uşaq fondu Heydər Əliyev fondu ilə birlikdə Azərbaycanda da bu istiqamətdə çox əhəmiyyətli işlər görür. Dünyada autizmli uşaqların sayı ildən-ilə artır.

Digər tərəfdən ehtiyac yaranarsa, autizmin gedişini dəyişə bilərik. Bu baxımdan pediatrların üzərinə böyük məsuliyyət düşür. Onlar uşaqlarda problemləri tez bir zamanda aşkarlayaraq, onun həllinə qismən də olsa nail ola bilərlər. Problemin aktuallığını nəzərə alaraq belə silsilə tədbirlərin keçirilməsi çox vacibdir”.

Daha sonra millət vəkili Məlahət İbrahimqızı çıxış edərək belə tədbirlərin keçirilməsinin çox yüksək dəyərləndirdiyini qeyd edib:
“Qeyd edildiyi kimi, dünyada olduğu kimi ölkəmizdə də autizmli uşaqların sayı artır. Son zamanlar bu problemin aktuallaşdığını nəzərə alaraq, düşünürəm ki, hökumət səviyyəsində də bu məsələləri müzakirə etmək zərurəti yaranıb. Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda bu sahədə müəyyən irəliləyişlərin olduğu danılmazdır. Bu problemlə məşğul olan təşkilatların sayı yetərincədir. Bizlərdə onlara əlimizdən gəldiyi qədər dəstək olmalıyıq”.

Məlahət İbrahimqızı hesab edir ki, bu sahədə dövlət proqramının hazırlanmasına ehtiyac var:
“Ölkəmizdə autizm xəstəliyi ilə məşğul olan çox savadlı həkimlərimiz var. Düşünürəm ki, onların sayəsində hər bir ana yetərincə məlumatlana və vaxtında, əgər uşağında belə bir problem varsa onu aşkarlaya bilər”.

Tədbir Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikası, Tibb Universitetinin Psixiatriya Kafedrası, İctimai Səhiyyə və İslahatları Mərkəzi(İSİM), “Birgə və Sağlam” İctimai Birliyi və “Lider Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

ŞƏFİQƏ


Müəllif:

Oxşar xəbərlər